Ermənistanda dövlət institutları arasında ən yüksək etimad orduya məxsusdur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 12-də jurnalistlərlə görüşdə Ermənistanda “GALLUP International Association”-ın tamhüquqlu üzvü olan “MPG” MMC-nin direktoru Aram Navasardyan müxtəlif qurum və şəxslərin fəaliyyətinə dair sorğunun nəticələrini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, respondentlərin 81,8%-i Ermənistan Respublikasının ordusunu müsbət qiymətləndirib.
Erməni Apostol Kilsəsi ilə bağlı isə respondentlərin 63,3%-i fəaliyyəti tam dəstəklədiyini, 14,4%-i isə qismən dəstəklədiyini bildirib. Ümumilikdə 77,7% kilsəyə müsbət münasibət göstərib.
“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan barədə sorğuda iştirak edənlərin 38,9%-i onun fəaliyyətini tam bəyəndiyini, 29,1%-i isə qismən bəyəndiyini qeyd edib. Navasardyan bu göstəricinin digər siyasi fiqurlarla müqayisədə kifayət qədər yüksək olduğunu vurğulayıb.
Yüksək nəticə iş adamı Samvel Karapetyan üçün də qeydə alınıb — respondentlərin təxminən 54%-i onun fəaliyyətini müsbət qiymətləndirib.
Xarici işlər naziri Ararat Mirzoyanın reytinqi də 50%-dən yuxarıdır: 27,2% onun fəaliyyətini tam, 23,3% isə qismən dəstəkləyib.
Digər fiqurlar daha az müsbət rəy toplayıb. Navasardyan xüsusilə Ermənistan prezidenti Vaaqn Xaçatryanla bağlı nəticələrə diqqət çəkib: respondentlərin 27,1%-i onu tanımadığını bildirib. “Bu, onun fəaliyyəti və roluna verilən bir qiymətdir”, – deyə o qeyd edib.
Sorğunun növbəti hissəsi baş nazir Nikol Paşinyanın liturgiyalarda iştirakı ilə bağlı olub. Son iki ayda Paşinyanın Erməni Apostol Kilsəsi tərəfindən ruhanilikdən uzaqlaşdırılmış keşişlərin keçirdiyi üçdən çox liturgiyada iştirak etməsi respondentlərə qiymətləndirmə üçün təqdim edilib.
Bu suala cavab olaraq:
- 23,4% – müsbət,
- 13,7% – qismən müsbət,
- 11,1% – qismən mənfi,
- 39,3% – tam mənfi,
- 12,6% – cavab verməkdə çətinlik çəkib.
Beləliklə, respondentlərin 50%-dən çoxu bu davranışı mənfi qiymətləndirib, – deyə Navasardyan yekunlaşdırıb.
Qeyd edək ki, telefon sorğusunda 1001 nəfər iştirak edib. Sorğu 27 noyabr – 5 dekabr tarixlərində keçirilib.
Musavat.com






