Sabirabad rayonunun Cavad, Əlicanlı, Türkədi, Yolçubəyli və Narlıq kəndlərini birləşdirən, uzunluğu 15 kilometrdən artıq olan avtomobil yolu uzun illərdir yararsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, yolun dağılmış vəziyyətdə olması gündəlik həyatı ciddi şəkildə çətinləşdirir.
Onlar bildirirlər ki, bərbad yol səbəbindən hətta təcili tibbi yardım xidmətləri belə kəndlərə gəlməkdə çətinlik çəkir. Bu isə xəstələrin xəstəxanaya çatdırılmasının məsuliyyətini sakinlərin öz üzərinə qoyur: “Təcili yardım gəlmir, məcbur qalıb özümüz xəstəmizi maşınla aparırıq. Normalda 15 manata gedilən yolu sürücülər yolun vəziyyətinə görə 40 manata aparır.
Eyni problem məktəblilərin də gündəlik həyatına təsir edir. Yağışlı havalarda şagirdlər palçıqlı yollardan istifadə etmək məcburiyyətində qalır, rayon mərkəzinə olan 15 kilometrlik məsafəni qət etmək isə bəzən iki saata qədər vaxt aparır”.
Sakinlər bildirirlər ki, yolun bərbad vəziyyəti nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur və bu da əlavə maddi xərclər yaradır. Onların sözlərinə görə, artıq 10 ildən çoxdur ki, kəndlər bu problemlə üz-üzədir.
Musavat.com-un əldə etdiyi məlumata görə, sözügedən kənd yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Qurumdan bildirilib ki, yolun yenidən qurulması nəzərdə tutulsa da, layihənin icra müddəti ilə bağlı konkret tarix açıqlanmayıb.
Qeyd edək ki, Sabirabadda yol infrastrukturu ilə bağlı problem uzun müddətdir aktuallığını qoruyur. Bu ilin yanvarın 21-də Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Türkədi kənd orta məktəbində sakinlərlə keçirdiyi görüş zamanı da yol məsələsi gündəmə gətirilib. Görüşdə səsləndirilən bəzi fikirlər isə yerli ictimaiyyət arasında narazılığa səbəb olub. Sakinlər iddia edirdilər ki, başçı onlara deyib ki, Həccə gedənə qədər yol çəksinlər... Lakin Musavat.com-a açıqlamasında başçının birinci müavini Həsən Həsənov bu fikrin, əslində, tamam başqa cür səsləndirildiyini söylədi. "Görüş zamanı icra başçısı bildirib ki, kənd yolunun təmiri üçün imkanı olan, o cümlədən Həccə və Kərbəlaya gedən şəxslər kəndin ağsaqqalı və ictimai fəalları kimi qrabel tökülməsinə dəstək versinlər. Onları köməyə çağırıb",-deyə Həsən Həsənov bildirmişdi.
Həsən Həsənov onu da bildirib ki, kənd sakinləri sözügedən yolun təmiri ilə bağlı dəfələrlə Agentliyin sabiq sədri Saleh Məmmədovun qəbulunda olublar. Onun sözlərinə görə, 2010-cu ildə çəkilən yol ötən müddət ərzində əsaslı təmir olunmayıb, yalnız Narlıq kəndində imkanlı şəxslərin dəstəyi ilə 3 kilometrlik hissəyə qrabel tökülüb.

Şahanə Rəhimli
Musavat.com






