“Evdə tək” filminin məşhur Makallisterlər ailəsinin evi əsasında hazırlanmış ən böyük zəncəfilli şirniyyat evi rəsmi olaraq “Ginnes”in Rekordlar Kitabına daxil edilib.
Musavat.com xəbər verir ki, rekord qıran şirin konstruksiyanın hündürlüyü 7,8 metr, eni təxminən 13 metr, uzunluğu isə 17,6 metr təşkil edir. Layihənin hazırlanması zamanı 2,5 tondan artıq buğda unu, 4 mindən çox yumurta istifadə olunub. Ev təxminən 4,5 min zəncəfilli şirniyyat lövhəsindən və 800-ə yaxın dam elementindən ibarətdir.
Qeyd olunur ki, bu nəhəng layihə “Evdə tək” filminin ekranlara çıxmasının 35 illiyi münasibətilə hazırlanıb. Milad ab-havası ilə müşayiət olunan layihə kino və şirniyyatsevərlər arasında böyük maraq doğurub.
Hazırda “Evdə tək” film franşizasının bütün hissələri striminq platformalarında tamaşaçılar üçün əlçatandır. Zəncəfilli şirniyyatdan qurulan bu nəhəng ev isə dünya kinosunun ən sevilən bayram filmlərindən birinə qeyri-adi və yadda qalan ehtiram nümunəsi kimi qiymətləndirilir.
Musavat.com






