Adil Qeybulla: "65 yaşına çatmış təcrübəli həkimlərin işdən çıxarılması prosesi dərhal dayandırılmalıdır"
Deputat Səyyad Aran bölgələrdə həkim çatışmazlığı problemini yenidən gündəmə gətirib. O, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərlə region səhiyyəsinin acınacaqlı vəziyyətinə diqqət çəkib.
Sitat: “Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib, sonra cavablarını aparıb rayonda həkiminə verir”.
Bu açıqlama bir neçə ciddi sual doğurur: Doğrudanmı rayon xəstəxanalarında elementar diaqnostika imkanları yoxdur? Müasir tibbi avadanlıqlar bölgələrə verilib, amma işlək deyil? Yoxsa əsas problem ixtisaslı kadr çatışmazlığıdır? Rezidentura məzunları niyə regionlarda işləməyə maraq göstərmir? Problemin kökü haradadır?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb. Professorun fikrincə, bu problem uzun müddətdir tətbiq olunan müəyyən yanlış xəttin daha da davam etdirilməsi ilə bağlıdır: “Birincisi, rayonlardakı həkimlərin fəaliyyətinin stimullaşdırılması və rayon səhiyyəsinin inkişafı üçün lazımi addımların atılmamasıdır. Əslində rayonlarda həkimlərin qalıb işləməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Xüsusilə yüksək ixtisaslı həkimlərin müəyyən müddətə rayonlara göndərilməsi, həmin müddət ərzində əlavə maaş, kommunal güzəştlər, pensiya yaşının müəyyən qədər azaldılması və digər istiqamətlər üzrə stimullaşdırıcı işlər aparmaq mümkündür. Bu yolla həkimləri müəyyən müddətliyinə rayonlara göndərmək olar və onlar orada ixtisaslı kadrların yetişdirilməsində rol oynaya bilərlər”.
Adil Qeybulla həmçinin vurğulayıb ki, rayon həkimlərini müəyyən yükdən, xüsusilə sertifikat imtahanlarından və digər məsələlərdən azad etmək lazımdır: “Xeyli həkim sertifikat imtahanlarını verə bilmir, halbuki bu imtahanların özündə də xeyli problemlər mövcuddur; nəticədə onlar işdən kənarlaşdırılıb başqa sahələrə yönləndirilir. Yəni lisenziya sisteminin yaradılması, peşəkarlığın artırılması, icbari tibbi sığortanın təkmilləşdirilməsi, həkimlərin cəmiyyətdə sosial müdafiəsinin və hüquqlarının möhkəmləndirilməsi – bütün bunlar həll edilmədən bu işə nail ola bilməyəcəyik. Digər tərəfdən, 65 yaşına çatmış həkimlərin demək olar ki, avtomatik təqaüdə göndərilməsi çox yanlış bir addım idi. Təəssüf ki, bu qərar geniş miqyasda həyata keçirildi və nəticədə xeyli təcrübəli, əmək qabiliyyətini qorumuş həkimi itirdik. Bu təcrübə dərhal dayandırılmalıdır. Biz Azərbaycan səhiyyəsini yenidən qururuq, lakin təəssüf ki, bu məsələdə hələ də durğunluq görünür. Əgər bu islahat həyata keçirilməsə, yaxın illərdə ciddi həkim itkisi və həkim çatışmazlığı problemləri ilə üzləşəcəyik.
Çünki yollar açıqdır, insanlar xaricdə işləmək üçün Almaniyaya, İngiltərəyə, Amerikaya, qardaş Türkiyəyə və digər ölkələrə getmək imkanına malikdirlər. Gənc həkimlər gedir və geri dönmək istəmir. Problem bundadır - gənc həkimlər xaricə gedir və artıq ölkəyə qayıtmırlar”.
Xalidə Gəray
Musavat.com






