Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsindən sonra Danimarkaya dəstəyini ifadə edib və Danimarka ilə Qrenlandiyaya aid qərarların məhz onların özləri tərəfindən verilməli olduğunu vurğulayıb.
Musavat.com xəbər verir ki, bu barədə Valtonen “X” sosial şəbəkəsində yazıb.
“Danimarka və Qrenlandiya ilə bağlı məsələlər üzrə qərarları Danimarka və Qrenlandiya verməlidir”, - deyə nazir qeyd edib.
O xatırladıb ki, Danimarka ABŞ-ın Əfqanıstan və İraqdakı əməliyyatlarında “sadiq müttəfiq” olub, daha böyük itkilər verib və ABŞ əməliyyatlarında iştirakla bağlı terror təhdidləri ilə üzləşib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Landrini Qrenlandiya üzrə xüsusi elçi təyin etdiyini açıqlayıb. Daha sonra Landri ABŞ-ın adanı öz tərkibinə qatmaq niyyətini təsdiqləyib.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen isə yeni xüsusi elçinin bəyanatlarından ciddi narazılığını bildirib, ABŞ-ın Kopenhagendəki səfirini izahat üçün XİN-ə çağıracağını qeyd edib. Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen birgə bəyanatda ABŞ-ı adanın ələ keçirilməsindən çəkindirərək, ümumi ərazi bütövlüyünə hörmət gözlədiklərini bildiriblər.
Musavat.com






