Fransada 2027-ci il prezident seçkilərinə hələ xeyli vaxt qalsa da, ölkədə siyasi atmosfer artıq seçki ritminə köklənib. Ölkə prezidenti Emmanuel Makronun növbəti dəfə namizəd ola bilməməsi hakimiyyət uğrunda mübarizəni daha da kəskinləşdirib və siyasi qüvvələri erkən mövqe tutmağa vadar edib.
Xüsusilə, ifrat sağçı qüvvələrin yüksəlişi ehtimalı həm mərkəzçi, həm də sol düşərgədə narahatlıq yaradaraq kampaniyanın vaxtından əvvəl başlamasına səbəb olub. Beləliklə, Fransa siyasəti indidən 2027-ci ilin həlledici yarışına fokuslanıb.
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, Fransanın siyasi tarixində Makron uğursuz siyasətçi kimi yadda qalacaq: “Onun dövründə Fransada söz azadlığının, demokratiyanın, insan hüquqlarının qorunmasında ciddi problemlərlə qarşılaşılıb. Buna görə də dəfələrlə və bəzən də həftələrlə etiraz aksiyaları təşkil edilib. Hökumət isə etirazçılara kifayət qədər kobud davranıb, zorakılıq göstərib.
Makronun hakimiyyəti dövründə Fransanın beynəlxalq aləmdə nüfuzu da kifayət qədər aşağı düşüb. Əvvəllər olduğu kimi o nəinki beynəlxalq oyunçu kimi çıxış edə bilmir, hətta regional aktorluğunu da itirməkdədir. Belə ki, Avropa İttifaqında aparıcı dövlət statusunu da əldən verməkdədir. Çünki İttifaq daxilində təsir gücünü itirib. Makron özü də bu günlərdə bəyan etdi ki, Avropa Birliyi dağılmaq istiqamətində gedir və bunu istəyənlər var. Makron bunu Birləşmiş Ştatların üzərinə atmağa çalışsa da, ancaq mövcud vəziyyəti Avropa İttifaqının özü yaradıb. Xüsusilə, Ukrayna müharibəsi böhranın maksimum nöqtəsinə çatmasını stimullaşdırdı.
Bütün bunlar Fransa prezidentinin dəyişməsini zəruri edir. Hətta Makronun namizədliyini yenidən vermək üçün hüquqi əsası olsaydı belə istənilən rəqibinə uduzacaqdı. Çünki Fransa onun liderliyi dönəmində demək olar ki, dalana dirənib. Ona görə də növbəti mərhələdə Fransada yenilikçilər qalib gələcək”.
Cavanşir ABBASLI
Musavat.com






