Türkiyədə "GAİN Media" şirkəti ilə bağlı aparılan istintaqda yeni qərarlar verilib. Qanunsuz mərc fəaliyyəti ilə əlaqədar saxlanılan şəxslərdən bəziləri həbs olunub.
Musavat.com xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində "GAİN Media" üzrə saxlanılan 4 şübhəlidən 3-ü barəsində məhkəmə həbs qətimkan tədbiri seçib, tanınmış aparıcı Okan Karacan isə adli nəzarət şərti ilə sərbəst buraxılıb.
Məlumata görə, Berkin Kaya, Barbaros Reşat Gülcan və Selahattin Aydın məhkəmənin qərarı ilə həbs olunub. Okan Karacan haqqında isə ölkəni tərk etməmək və müəyyən vaxtlarda polisə müraciət etmək şərti ilə adli nəzarət tədbiri tətbiq edilib.
İstintaq zamanı jandarma qüvvələri "GAİN Media" və "Anahat Holdinq"ə bağlı şirkətlərdə əməliyyat keçirib. Cinayət yolu ilə əldə edildiyi iddia olunan əmlaklara həbs qoyulub, "GAİN Media" ilə əlaqəli qurumlara isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəyyum təyin edilib.
Qeyd edək ki, istintaq “qanunsuz mərc fəaliyyəti”, “cinayət məqsədilə təşkilatlanma” və “cinayət yolu ilə əldə edilən vəsaitlərin yuyulması” maddələri üzrə davam etdirilir.
Musavat.com






