Rusiya nümayəndələri Odessaya və Xarkov vilayətində sərnişin qatarına edilən hücumlara görə Ukrayna tərəfindən qeyri-rəsmi şəkildə üzr istəyiblər.
Musavat.com xəbər verir ki, bu məlumat “The New York Times” qəzeti tərəfindən yayılıb.
Qəzetə anonim danışan Ukrayna Prezident Ofisinin müşaviri bildirib ki, yanvarın 23–24-də Əbu-Dabidə keçirilən görüş zamanı Kiyev tərəfi hücumların müvəqqəti dayandırılmasını tələb edib. Rusiya nümayəndələri bu təkliflə razılaşıb, lakin razılaşma yazılı şəkildə rəsmiləşdirilməyib.
Ukraynalı mənbə bu razılaşmanı “centlmen sazişi” adlandırıb.
Onun sözlərinə görə, yanvarın 27-də Odessaya və Xarkov vilayətində “Barvenkovo – Lvov – Çop” marşrutu üzrə hərəkət edən sərnişin qatarına endirilən zərbələrdən sonra Rusiya tərəfi “şəxsi qaydada” üzr istəyib.
Rusiya nümayəndələri bunu bütün hərbi bölmələrin atəşin dayandırılması barədə göstəriş almadığı ilə izah ediblər.
Xatırladaq ki, yanvarın 27-nə keçən gecə Rusiya ordusunun Odessaya endirdiyi zərbələr nəticəsində bir neçə yaşayış binası dağılıb, 4 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Həmin gün Xarkov vilayətində sərnişin qatarına dron hücumu nəticəsində isə azı 5 nəfər həyatını itirib.
Musavat.com






