Ermənistan hakimiyyəti Göyçə gölü ətrafında aparılan “qanunsuz tikililərin ləğvi” kampaniyası çərçivəsində keçmiş məmurlara məxsus əmlaklarla bağlı ziddiyyətli və selektiv qərarlar verməkdə davam edir. Proses getdikcə daha çox siyasi xarakter aldığı üçün erməni cəmiyyətində və mediada ciddi suallar doğurur.
Musavat.com xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumatlara əsasən, Göyçə gölü sahilində yerləşən bəzi iri və qalmaqallı obyektlər söküntüdən kənarda saxlanılır. Belə ki, keçmiş polis rəisi Vladimir Qasparyana məxsus malikanə, eləcə də Ermənistan Futbol Federasiyasının sabiq rəhbəri Ruben Ayrapetyana aid olan məşhur “Arsnakar” istirahət kompleksi sökülməyəcək. Hakimiyyət bu obyektlərə münasibətdə fərqli yol seçərək, onların ya milliləşdirilməsi, ya da satışa çıxarılması variantlarını müzakirə edir.
“Joxovurd” qəzetinin məlumatına görə, buna paralel olaraq, Göyçə gölü sahilində daha sərt addımlar da atılır. Ötən gün “Yerkrapa” təşkilatının rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının keçmiş deputatı Sason Mikaelyana məxsus bir neçə köhnə tikili artıq sökülüb. Bu isə prosesin bütün keçmiş məmurlara eyni qaydada tətbiq olunmadığını açıq şəkildə göstərir.
Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan jamanak” qəzetinin yazdığına görə, ümumilikdə Göyçə gölü ətrafında təxminən 3 800 qanunsuz tikilinin sökülməsi planlaşdırılır. Lakin siyahıya düşən obyektlərə yanaşmada ciddi fərqlər müşahidə olunur.
Məsələn, “Arsnakar” kompleksi ilə bağlı qərar xüsusilə diqqət çəkir. Məlumata əsasən, bu ərazidə cəmi 2–3 kottec söküləcək, əsas iri bina isə toxunulmaz saxlanılacaq. Obyektin gələcək taleyi ya dövlət balansına keçirilməsi, ya da açıq satışa çıxarılması yolu ilə həll olunacaq. Eyni “yumşaq” yanaşma keçmiş polis rəisi Vladimir Qasparyanın Göyçə sahilindəki malikanəsinə də tətbiq edilir.
Erməni mətbuatı bu mənzərəni istehzalı şəkildə şərh edərək yazır ki, Ermənistanda bir bina yalnız o halda “qanunsuz” elan olunur ki, sahibi artıq “keçmiş” olsun və ya siyasi baxımdan müdafiəsiz qalsın. Bu yanaşma isə Göyçə gölü sahilində aparılan söküntü kampaniyasının hüquqi normalara deyil, siyasi selektivlik və daxili hesablaşma məntiqinə əsaslandığına dair şübhələri daha da gücləndirir.
Nəticədə Göyçə gölü ətrafında gedən proses sadəcə ekoloji və ya hüquqi tədbir kimi deyil, Ermənistan daxilində köhnə elitalarla yeni hakimiyyət arasındakı açıq mübarizənin növbəti mərhələsi kimi dəyərləndirilir.
Musavat.com






