İudaizmdə, xristianlıqda, hətta islamda Habil və Qabil, iki qardaş, Adəmlə Həvvanın oğlanları haqqında məşhur rəvayət var.
Müxtəlif yozumları var, ilahiyyatçılar yaxşı bilər. Birincisi, bu, insanlığın ikinci ən böyük günahı idi, əvvəlcə Adəmlə Həvva böyük günah edib cənnətdən qovulmuşdular. Növbəti böyük günahsa qardaşlardan birinin digərini öldürməsi oldu.
İkincisi, bunu həm də iki böyük mədəniyyət - əkinçilərlə maldarlar arasndakı savaşın başlanğıcı kimi də yozurlar. Doğrusu, bunu elə də ciddi qəbul etmirəm, indinin özündə bəzi politoloqlar-geopolitiklər nələrdən danışmır: “quru sivilizasiyası” belə gəldi, “dəniz sivilizasiyası” elə getdi...
Amma bizə elə gəlir, daha böyük nəticə budur ki, insan ilk cinayətini etdi, bir insan digərini, bir qardaş o birisini öldürdü, bəşər tarixində ilk cinayət, ilk cani yarandı, insanlar arasına ölüm deyilən nifaq səpildi, ilk dəfə “qardaşa da etibar yoxdur, çünki çiy süd əmibdir” – deyildi.
Bir daha deyirik ki, ilk dəfə bir insan o birisinə düşmən oldu, ilk dəfə güclü-gücsüz, silahlı-silahsız anlayışı yarandı. Bu ixtilafı və bu savaşı hətta “Sizi sevənləri sevməyə nə var ki? Bacarırsınızsa, sizi sevməyənləri, sizə düşmən olanları sevin!” deyən İsa Məsih də həll edə bilməyəcəkdi, çünki artıq “dişə görə diş, gözə görə göz!” deyilmişdi və insan da bunu daha çox bəyənmişdi.
Axırıncı peyğəmbərimiz də ya Göylərin buyruğuyla, ya da özünün idrakı ilə başa düşmüşdü ki, insanın bu təbiətini nəinki daha dəyişmək mümkün deyil, bəlkə heç məsləhət də deyil, çünki insan cinayətini artıq etmişdi.
Odur ki, min illər keçəkdi və insan guya özünü də, Dünyanı təkmilləşdirməyə çalışacaqdı, amma hər belə cəhddən sonra özü-özünə ironiya edəcək, Hobs və ya bir qeyrisi “insan insana canavardır” yazacaqdı. Amma insanlarda inadkarlıq deyilən şey var, tutduğunu qəti buraxmaz, daim guya nəyisə dəyişməyə çalışar.
Bəli, ötən dəfələrdə Venesuelada baş vermiş hadisə və buna növbəti “haqlı güclüdür” kimi reaksiyalar da adamı müəyyən fikirlərə sövq edir: tutaq belədir, lap tutaq, dünya güclünündü, amma görək, belə dünya bizə sərf edirmi?
Həm də hara getdi indiyədək qəbul olunmuş cild-cild sənədlər, hanı BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, onun məşhur dekaloqu?
Yoxsa bundan sonra hamımız Duqin kimi sərsəm, paranoik, tədricən politoloqdan xəstə keşişə çüvrilən “geopolitiklərin” konsepsiyaları və yaxud da Bjezinskilərin “yeni hegemonluq nəzəriyyə”lərilə yaşamalı olacağıq? Bilirsiniz, nəyə bənzəyir bunlar? Sanki min illərlə müsəlman olmuş qövmə gəlib deyirsən ki, Quran–kitabı bir tərəfə qoyun, bundan sonra mənim dediklərimlə yaşayacaqsınız!..
İnanın, nə Maduro narahat edir bizi, nə də qeyriləri! Heç Qəzzafinin ölümünə, Hafiz Əsədin dağıdılmış məzarına görə də nəinki yas tutmaq, heyfslənmək fikrimiz də yoxdur.
Hətta düşünürəm ki, Sarkozi kimi siyasi fırıldaqçı lap əcəb etdi: Qəzzafidən az qala, 50-60 milyon dollar aldı, sonra da özünü məhv etdi!
Amma Dünya tamam “qaydasız döyüşə”, kələkbaz siyasətçilərin meydanına da çevrilməməlidir, çünki bunlar nə vaxtsa, bumeranq olub bütün insanlığa dəyəcək.
Venesuela metodunu və ya insidentini başqa müstəvidə görmək istərdik: bəli, bir dövlət digərinin ərazisinə girəndə hamılıqla toplaşıb təcavüzkarı oradan qovmaq lazımdır!
Tramp cənabları bunları Ukraynada Kremlə qarşı etsəydi çox məmnun olardıq adi bir Yer sakini kimi! Az qala, otuz il onlardan bunu Dağlıq Qarabağda da gözləmədikmi? Amma olmadı, axırda özümüz həll etdik məsələni...
Maduro az qala, yatağından götürüləndə nə qədər miskin görünürdü! Niyə bunların ağılı başlarına gəlmir? Doğrudanmı, qarşısındakının beton divar olmasını hamı öz başı ilə yoxlamalıdır? Adam həqiqətən insanların sevib -seçdiyi prezident olsaydı Tramp kimi siyasi oyunbazlar buna cəsarət etməzdi!
Bunu son dəfə Türkiyənin timsalında gördüm. Prezident Ərdoğanı da devirmək, ora da bir molla təyin etmək istəyirdilər. Amma alınmadı, insanlar küçələrə axışdı! Bəlkə başqa detalları qaçırıram, amma məncə, belə olmuşdu məsələ.
Rədd olsun bütün Madurolar! Amma sual yaranır: bəs, məsələn, 1975-ci ildə qəbul edilən Helsinki Yekun Aktı ilə nə edək? Ərazi və sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi tabular necə olsun?..
Bəziləri düşünür ki, guya belə siyasi tabular dünyanın avtoritar “liderləri” üçün “immunitet” yaradır. Əsla belə deyil! Helsinki Aktında bunun da mexanizmi qeyd olunub: insan haqları! Məgər Helsinki Aktının qəbulundan sonra SSRİ kimi dövlətlərdə “Helsinki komitələri”, dissident hərəkatları yaranmadımı? Hətta DTK özü bunların qarşısında aciz qalmamışdımı?..
Həm də görək, “güclü haqlıdır” qənaəti nəinki geosiyasi anlamda, heç sırf daxili məntiq mənasında bizə sərf edirmi, bizim cəmiyyət, hətta millət olaraq maraqlarımıza cavab verirmi?
İnanın, ilk illərdə bizdə də geosiyasət dəbə minəndə, hamı yazılarını bu rubrikanın altında verəndə bununla bir azca tanış olandan sonra deyirdim ki, qardaşlar, Vallah, bu, heç də yaxşı şey deyil: bilməliyik, amma yalnız özümüzü qorumaqçün.
Zəiflərin qurtuluşu - sığınacağı demokratiyadır, insan haqlarıdır, nicatı əsas da humanizmdir! Bəli, bir millət olaraq türk dunyası, İrandakı Cənublu qardaşlarımız kimi böyük resurslarımız var, amma bunlar hələ potensial resurslardır: inanın, “böyük güclər” istəsə, bunların da reallığa cevrilməsinə imkan vermzələr.
Ən müasir silahlar onların əlində, ən müasir texnologiyalar onlarda! Bizim nəyimiz var? Üzərriyimizmi? Hətta qardaş Türkiyə bir raket kompleksinə görə Rusiya ilə ABŞ-ın arasında girinc qalamyıbdırmı? ABŞ özünün “Patriot”larını vermir, bu, da azmış kimi, Moskvanınkını da “qaytar!” deyir!
Odur, “güclü haqlıdır” deməyə tələsməyək, bununla barışmayaq, çünki daxil üçün də, xaric üçün də çox acı nəticələri olar. Çalışaq, buna qarşı humanizmi, planetar təfəkkürü qoyaq: elə bəşəriyyətin də, dünyanın da qurtuluşu bunda deyilmi?..






