İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı gənc siyasətçilər lazımdır bizə?..

1105 24.11.2025 12:52 Yazarlar A A

Gülməli çıxmasın, 79 yaşlı Trampın enerjisinə baxanda adam siyasətçilik eşqinə düşür, “siyasi xəyallar” keçir könlündən, amma dərhal da “pedalı sıxırsan” ki, axmaqlama, başqa cür başa düşərlər, ölkəmizdə belə zarafatlar sevilmir.

Soruşular ki, bəs sənə nə lazımdır? Bilirsinizmi, adamlar var, monotonluğu, yeknəsəqliyi sevir, hətta həzz alır. Mənisə bunlar bezdirir, dilxor edir.

Bəzən o qədər darıxıram, məni xoşlamayan və yaxud mənim xoşlamadığım, hətta vaxtilə “siyasi düşmən” saydığım adamlar indi bir saytda, ya telekanalda siyasətdən, ictimai proseslərdən, hətta dünyanın gərdişindən nəsə deyəndə ürəyim açılır, özümü yalqız hiss etmirəm.

İnsanların çoxu istəyir ki, özündən başqası olmasın, hər yerdən yalnız bunun səsi gəlsin. Belə ola bilmirəm, təklik, monotonluq sıxır, öldürür məni. Nə siyasəti, nə də jurnalistikanı “bir aktyorun teatrı” kimi qəbul edə bilmirəm, bacarmıram: bir gün “hə” deyir, ertəsi gün az qala, özümə üsyan edirəm.

“Nə istəyirsən”? sualına cavabım: gənc siyasi istedadlara, siyasi jurnalistlərə-politoloqlara meydan açmaq üçün son cəhdlərimi edirəm ki, bizim nəsildən sonra siyasi səhralığa çevrilməsin ölkə: axı biz ictimai-siyasi qatırlar deyilik...   

Gənclər gəlməlidir siyasətə. “Kənddə iki oğul var, biri mən, biri də əmioğlum!” məntiqilə yaşamaq olmur. Nəsillərin davamı olmalıdır.

Amma gənclərimizin siyasətə gəlməsi, bizi ağılları və ideyalarıyla sevindirməsi üçün siyasət özü də məşğuliyyət kimi çox dəyişməlidir: onlar “ağ vərəq” kimidir, onların təmiz qəlblərini biz yaşlı nəsil qaraya boyaya bilmərik.

Cəmi peşələr kimi siyasətin, xüsusən də bizimkinin məxsusi “özəllikləri”, çox böyük qüsurları var. Onlardan beş-on ilin içində qurtulmaq mümkün deyil, siyasətin saflaşması siyasətçilərdən də çox cəmiyyətimizdən asılıdır. 

Hamı qəbul etməlidir ki, siyasət mafioz peşəsi deyil, kimin mafiyaya-filana həvəsi varsa, getsin İtaliyaya, yaxud başqa ölkəyə, oralarda onları daha yaxşı başa düşərlər.  

“İtaliya məsələsi”nə aydınıq gətirim, zarafat üçün dedim. Belədəsə, İngiltərə futbolu, Hindistan şahmatı kəşf etsə də tez zamanda digərləri bunları daha yaxşı oynamağa başladı: elə mafioz ölkələr var, İtaliyanın özünə “doqquz” gələrlər.

Siyasətə normal adamlar lazımdır. Rəsmən keçid dövrümüz bitib. Kağız üzərində bəlkə belədir.

Reallıqsa başqadır. Siyasət bir yana, az qala, milyonçu JEK müdirlərimiz, sahə müvəkkillərimiz var, bəzi böyük məmurlarımızı, icra başçılarımızı demirik; sanki təzədən “xanlıqlar dövrü”nü yaşayırıq.

Bildiyimə görə, rəsmi milyonçularımızsa yoxdur, hamı ziyana işləyir.  Yaza da bilmirsən, özün dilxor olursan ki, hara səsləyirsən gəncləri? Bu cəngəllikdə baş çıxararmı onlar?

Sovet filmi vardı: “Yaşamaq əmr olunub”! Odur, on milyonun hamısı bəxtini başqa ölkələrdə axtara bilməz, kimsə çiynini bu Sizif daşının da altına verməlidi. Kobo Abenin “Qumsallıqda qadnı” romanındakı kimi...          

Siyasətdə inqilabçılar, bir də siyasətçilər olur: həm yaxındı, həm  fərqli.

İnqilab emosiya, əsas da cəsarətdir: əvvəldən bilməlisən ki, bu oyunda, özü də böyük ehtimalla, heç bir uduşun olmaya da bilər.

Siyasətçilik də əyləncə deyil. Hətta Türkiyədə adamlar olub onlara siyasətlə məşğul olmaq yasaq edilib! Buna baxmayaraq həmin adamlar müxtəlif dövrlərdə nəinki baş nazir, hətta prezident də oldular! Belədəsə, siyasət daha çox ağıl, təmkin, necə deyər, fürsət intiusiyası, məqamı tutmaq qabiliyyəti tələb edir.

Hansı gərəklidir? Romantik olsa da Allah eləməsin inqilaba və inqilabçılara ehtiyacımız olsun. “Banan respublikaları”nı çıxmaqla, millətin tarixində uzağı iki dəfə inqilaba ehtiyac ola bilir: dövlətini elan edəndə, bəzən də onu demokratik edəndə! Müasir millətlər artıq bunsuz da keçinir, qansız-qadasız dövlət qurur, demokratik də edirlər...   

Azərbaycanda inqilab olub. Dövlət elan edilib və qurulub. Amma hələ adamın dili gəlmir ki, Russonun ardınca ona “ictimai müqavilə” desin. Yox, hələ müqavilədən çox uzaqdır, çünki müqavilədə bütün tərəflərin maraqları nəzərə alınır.    

İnqilabın acıları da olur. Böyüyünü böyük V.Hüqo deyib: inqilabı dahilər fikirləşir, fanatlar həyata keçirir, fırıldaqçılar faydalanır! Odur, yaxşı olardı ehtiyac olmasın. Görün, siyasi təlatümlər, vətəndaş savaşları hansı ölkələrdə və necə olur!

Gənclərimizdən siyasətçi-islahatçı düşüncəsi umardıq. Nəyi və necə qurmağı bilmirsənsə, dağıtmağa dəyməz, yoxsa dağıntının altında birinci özün qalacaqsan.    

Vacib də deyil ki, hər millət acıları öz təcrübəsində yaşasın, başqalarından öyrənmək olur. Gör-götür dünyasıdır. Nəyinsə divar olduğunu öz başınla yoxlamalısan? Üstəgəl, dünyanın ibrət dərsləri tək “aşağılar” üçün deyil, həm də “yuxarı”lar üçündür: tarix istisna nəzərdə tutmur kiməsə.    

Düşünürlər ki, guya millətin həyatında ən çətin mərhələ dövləti qurmaqdı. Təəssüf, bundan da çətini onu demokratik etməkdir: yadlarla vuruşmağa nə var?..

Həm də baxın, tarixboyu nə qədər dövlət olub, amma onlar nə vaxt demokratilkəşməyə başlayıblar? Asan olsaydı bunu min il qabaq da edərdi bəşəriyyət. Amma qədimlərdə ikicə quldarlıq demokratiyasından – Afina və Romadan savayı haradasa demokratiyaya bənzəri olubmu?..

Yox, məmurlar deməsin, qoy, belə olsun, hələ yüz il də kef edək, talayaq ölkəni, sonrasına baxarıq: axı “demokratiya gediləsi uzun yoldur”...

Afina-Romanı bəşəriyyətin yolu kim xatırlatdıq. İnsanlıq onu keçəndə babalarımız da Marsda - filanda ezamiyyətdə olmayıb, onlar da keçibdir həmin yolu.

Heç kimsə Misir prezidenti “general”(əcəba, hansı müharibənin “general”ıdır?) əs-Sisi kimi mənalı-mənalı, “demokratiyaya çox var, xalq yetişməyib”– deməsin.

Ölkə var Zeveyl, ya Məhfuz kimi Nobel laureatları yoxdur, amma  Misirdən fərqli azaddır, hər halda, seçdikləri prezidentə “casus” deyib məhkəmə zalında ürəyini partlatmırlar.

Misirin birinci və sonuncu dəfə seçdiyi prezident M.Mürsinin nə “yuvanın quşu” olduğunu bilmirəm, amma seçilmişdi, əs-Sisi kimi “paraşütlə endirilməmişdi”. Tutaq diktator idi! Harada görünüb diktatoru devirib yerində başqa diktatoru oturtsunlar?..

Rəqəmsal mediadan, süni intellektin mediaya tətbiqindən danışırıq, gəl, məmurlardan soruşa da bilmirik ki, tutaq, quru sərhədləri niyə bağlıdı və ya nə vaxt açılacaq?   

Demokratiyayla bağlı “obyektiv səbəb”, “tarixi zərurətlər” uydurmağa  ehtiyac yox. Tanrı insanı azad yaradıbdır. Onu yaradanda məmuurlarla məsləhətləşməyib, izn almayıb.

Yaşlı nəsildən də çox şey asılıdır. Övladlarımızı mədəniyyət sahibi etsək, inqilaba-filana ehtiyac olmaz, çünki mədəni adama başa salmaq lazım deyil ki, digər insanların da nəyəsə haqqı çatır.  

Qalan ikincidir. Adam görmüşəm, üç dil bilirdi, amma MAĞARA ADAMI idi. Təəssüf, mütaliəli olmaq hələ savadlı, eləcə savadlı olmaq  hələ mədəni olmaq demək deyil.   

Azadlıq hərəkatının lap əvvəllərində bir nəfərimiz Baltik respublikalarına getmişdi. Təəssüratını soranda dedi ki, onların şanlı tarixi, Nizamisi-Füzulisi-Koroğluları yoxdur, ictimai mədəniyyətləri var!

Bununçün deyilir ki, insan ata-anasının verdiyi hər şeyi itirə bilər: mədəniyyətdən, elmdən-savaddan savayı. Hətta elmi-savadı nə vaxtsa itirməyə başlayırıq: yaşa doluruq, bugün oxuduğumuzu sabah unuduruq. Qalansa mədəniyyət olur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR