Avropa İttifaqı üzv ölkələrlə birlikdə 2028-ci ilə qədər müdafiə xərcləri üçün ümumilikdə 800 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Brüsseldə keçirilən NATO Parlament Assambleyası Birgə Komitə iclaslarında çıxış zamanı qeyd edib.
Onun sözlərinə görə, Avropa müdafiəsinin gücləndirilməsi eyni zamanda NATO-nun imkanlarını da artıracaq.
Koşta sosial şəbəkə paylaşımında görüşlərə toxunaraq Avropanın müdafiə potensialının artırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Avropada sabitliyin təmin olunması istiqamətində görülən işlərdən danışan Koşta bildirib ki, istər Ukrayna, istərsə də Qrenlandiya ilə bağlı məsələlərdə beynəlxalq hüquq, suverenliyə hörmət, ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə əsaslanan davamlı sülh üçün çalışırlar.
Qlobal təhdidlərin artdığı dövrdə AB ölkələrinin müdafiə xərclərində yüksəliş statistikada da əks olunur. Bildirilir ki, 2024-cü ildə ittifaq ölkələri müdafiə sahəsinə 343,2 milyard avro xərcləyib.
Proqnozlara görə, son beş ildə sürətlə artan müdafiə investisiyalarının 2028-ci ilə qədər nəzərdə tutulan 800 milyard avro hədəfi istiqamətində yüksəlməkdə davam edəcəyi gözlənilir.

Musavat.com






