Rusiya saytlar bu insidenti Vaşinqtondakı Sülh Şurasının ilk iclası fonunda şişirdərək, “ciddi hadisəyə” çeviriblər, üstəlik birtərəfəli təqdim ediblər
Rusiya Azərbaycana qarşı hibrid müharibəsini gücləndirib. Və bu kampaniya getdikcə geosiyasətdən daha çox şəxsi qisas kimi görünür.
Musavat.com xəbər verir ki, təsadüfi deyilk ki, istisnasız olaraq bütün Rusiya saytlar bu təxribatçı insidenti Vaşinqtondakı Sülh Şurasının ilk iclası fonunda şişirdərək, “ciddi hadisəyə” çeviriblər, üstəlik birtərəfəli təqdim ediblər. Rusiyanın əlaltısı olan erməni saytları da onlardan geri qalmalıyıblar. Bu bir daha həm Münhendə, həm Vaşinqtonda Azərbaycan Prezidentə qarşı planlaşdırılmış təxribatçıların “iplərinin” Kremlin əlində olduğuna işarə edir. 
“Səbəb aydındır: Azərbaycan müstəqil siyasət yürüdür və beynəlxalq mövqeyini gücləndirir. ABŞ ilə münasibətlərin intensivləşməsi, İlham Əliyev və Donald Tramp arasında şəxsi təmaslar, TRIPP formatı və Strateji Əməkdaşlıq Xartiyasının imzalanması - bütün bunlar tarazlığı dəyişir”. Bu barədə isə minval.az saytı öz təhlil yazısında qeyd edir. Təhlildə qeyd olunur ki, Azərbaycan açıq şəkildə Rusiya “dövlət xadimlərinin” “keçmiş müsəlman respublikası” üçün müəyyən etdiyi sərhədləri aşıb.
“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı və 2023-cü ilin payızında dövlət suverenliyini tam bərpa etdi. Moskva Qarabada təsir dairəsini itirdi. Ermənistanın işğal etdiyi ərazilərin bir hissəsinin azad edilməsinə kömək müqabilində Azərbaycanın KTMT və Avrasiya İqtisadi Birlyinə qoşulmasını nəzərdə tutan bütün çoxsaylı planları zibil qutusuna atıldı” deyə, məqalədə qeyd olunur.
Musavat.com xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də partiyanın mətbuat xidmətinə açıqlamasında Rusiyanın artan təzyiqlərindən danışıb. “Siyasətlə məşğul olmaq kişilikdən imtina demək deyil. Dalaşanda da barışmağa yer qoymaq lazımdır. Hər zaman etibarlı tərəfdaş olduğunu söyləyən İlham Əliyev Putinin ona xəyanət etməyəcəyinə inandığını söyləmişdi. Əgər həqiqətən bu təxribatların arxasında Rusiya dayanıbsa, bu, Ermənistanla yaxınlaşmaya,Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına və bizim bunu dəstəkləməmizə, ABŞ ilə strateji tərəfdaşa çevrilməyimizə görə ola bilər. Azərbaycanın Ukraynaya humanitar yardım etməsi və müstəqil xarici siyasəti, o cümlədən, ola bilsin, Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşulmamağımız da onları qıcıqlandıra bilər” deyə, deputat vurğulayıb.
Q.Həsənquliyev təxribatların Rusiya ilə müharibə vəziyyətində olan üçüncü dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil olunma ehtimalının olduğunu da deyib:“Onlar Rusiya-Azərbaycan münasibətlərini geridönməz səviyyədə korlamaq üçün bunu edə bilərlər”.
“Rusiya ilə qarşıdurmada Azərbaycan Qərbdəki tərəfdaşlarına nə qədər güvənə bilər” sualına deputat belə cavab verib: “Bizim Türkiyə kimi təbii müttəfiqimiz var. Amma xarici siyasətimizi quranda öz gücümüzü hesablamalı və ona əsaslanmalıyıq. Xristianlar deyirlər ki, "şeytanlar yolunu azmış mələklərdir". Bu gün mələk kimi gördüyümüz və güvəndiyimiz Qərbdəki bəzi tərəfdaşlarımız bir gündə yollarını azıb şeytana çevrilə bilər. Rusiya hazırda nə bizimlə, nə Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərdəki gərginliyi aradan qaldırmağa və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazır görsənmir. Görünür, Ukraynadakı uğursuzluq müəyyən komplekslər yaradıb”.
Musavat.com






