İnsanlara hürriyət, millətlərə istiqlal!

“İntriqa dağarcığı” - mərhum Mehdiyevin postdan məhrum Mehdiyevə qoyduğu ad

1647 18.12.2025 11:00 Yazarlar A A

Bu günlərdə sosial şəbəkədə sabiq deputat Gültəkin Hacıbəylinin 2020-ci ilin avqust ayının 23-də Ramiz Mehdiyev haqqında yazdığı bir status təkrar yayılmışdı.

Öncə onu qeyd edim ki, həmin vaxt pandemiya ilə bağlı karantinin ən ciddi vaxtlarıydı, ölkəmizdə hər cür toplantılar, xeyir-şər məcslisləri qadağan edilmişdi. Buna baxmayaraq Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu övladına toy məclisi keçirmişdi.

Bu karantin qaydalarının pozulması demək olduğundan həmin məclisi təşkil edənlər inzibati həbs cəzasına məruz qalmış, hadisə ölkədə böyük rezonans doğurmuşdu. G.Hacıbəyli də öz qeydlərini bu hadisə üzərindən R.Mehdiyevə həsr etmişdi.

Status bu cür başlayırdı: “Nə yaxşı ki, Ramiz Mehdiyev ölmədi! Bu günləri də gördü! Allahdan ona həyatda etdikləri bütün iyrəncliklərin bədəlini ödəyəcək qədər uzun ömür arzulayıram!”

Ardınca da o, xeyli sitəm və səmimi nifrət duyğuları klaviaturaya alımışdı. Təfərrüatla maraqlanan sosial şəbəkələrdə statusun tam mətnini tapa bilər.

Ancaq həmin statusda yer alan bir neçə cümlə var ki, ona bu yazıda bir az geniş toxunmaq lazım gəlib. Həmin cümlələr belədir: “Ramiz Mehdiyev ona, rejimə asi olan adamların toyuna, yasına da nəzarət edirdi. Ora gedən insanları işdən çıxarırdı, polis bölmələrinə apartdırırdı ki, heç kim bir də qorxusundan toyumuza, yasımıza gələ bilməsin, bizə salam verməsin! İndi Ramiz Mehdiyevin öz toyunu yasa çevirdilər. Orada iştirak edən insanları polis bölmələrinə aparırlar, aşağılayırlar, ictimai qınağa hədəf edirlər”.

Bu qeydləri oxuyanda, düzü, söhbət bir yerdən tanış gəldi və yadıma düşdü ki, “toya, yasa nəzarət” söhbətini mənə 1998-ci ildə yazıçı Həsən Mehdiyev danışıb.

Öncə qısaca Həsən müəllim haqda bir-iki kəlmə yazım. Rəhmətlik H.Mehdiyev 1925-ci ildə Naxçıvanda doğulmuş, 1941-ci ildə, hələ 17 yaşı tamam olmamış sovet-alman müharibəsinə aparılmış, qayıdandan sonra komsomol-partiya-orqanlarında çalışmış, paralel olaraq yazıçılıq etmiş, 18 il “Elm və həyat” jurnalının baş redaktoru olmuş, 4 romanın və povestlərin müəllifi olan təvazökar və vicdanlı bir ziyalı idi.

O, Ramiz Mehdiyevi lap yeniyetməliyindən tanıyırdı, onun haqqında bilgilərı, xatirələri vardı və ona münasibəti, yumşaq desək, mənfiydi.

Həsən müəllim danışırdı ki, o, təqaüdə çıxandan sonra da həmişə dövlət tədbirlərinə, yazıçıların toplantılarına dəvət alırmış. Bu, Ramiz Mehdiyevin yenidən yüksək dövlət vəzifəsi tutmasına qədər davam edib.

Bir gün H.Mehdiyevin qonşusu olan bir tanınmış şəxs rəhmətə gedib. Həmin şəxsin dövlət rəhbərliyi ilə müəyyən problemi olub. Elə son vaxtlar həmin adamla Həsən müəllimin də arası sərin imiş, buna baxmayaraq, o, mərhum qonşusunun yas mərasimlərində başdan oturur, ona vəfa borcunu ödəyirmiş.

Ancaq bir gün yas məclislərinin birində Həsən müəllim fikir verir ki, birincisi, rəhmətə gedən kişinin həmkarlarının çoxu ya hüzr məclisinə gəlmirlər, ya da gizlənə-gizlənə, ora-bura göz qoya-qoya gəlirlər. Yazıçı ona da diqqət edir ki, hüzr məclisində heç kəsin tanımadığı, amma məclisə gəlib-gedənlərin monitorinqini aparan adamlar var. H.Mehdiyev onlardan birinin kimliyi ilə maraqlanır, məlum olur ki, bu şəxs Ramiz Mehdiyevin tapşırığı ilə hüzr məclisində iştirak edənlərlə bağlı hesabat hazırlayır və sonra ona təqdim edir.

Heç demə, bu, dostların və düşmənlərin səfini bəlli etmək üçün R.Mehdiyevə lazım imiş. Həsən müəllim məclislərdə başda oturduğundan avtomatik olaraq “qara siyahı”nın baş sətirlərində yer alıb.

Mərhum yazıçı deyirdi ki, ondan sonra onu bir daha heç bir dövlət tədbirinə çağırmayıblar, bütün mümkün siyahılarda (o cümlədən təltiflə bağlı) adının üstündən xətt çəkiblər.

Ağır kişi olan, amma danışığında heç vaxt ağır sözlər işlətməyən Həsən müəllim R.Mehdiyev haqqında belə deyirdi: “Onun nə qədər intirqa dağarcığı olduğunu bir mən bilirəm, bir də göydə Allah”.

5 il öncə Gültəkin Hacıbəyli də R.Mehdiyevin arzuolunmaz şəxslərin keçirdiyi xeyir-şər məclisinə nəzarət etdirməsindən bəhs edibsə, demək, deyilənlərn əsası var.

Heç demə, ahıl akademikin bütün idarəetmə fəlsəfəsi bundan ibarətmiş: cəmiyyəti dostlara və düşmənlərə bölmək, düşmən hesab edilənlərlə adi insani ünsiyyət saxlayanları nəzarətə götürmək, qayğıdan, sayğıdan məhrum etmək. İndi özü yüksək postdan, şəninə səslənən bəlağətli tostdan məhrum olub.

Bəziləri də az qala onu Hegel və Spinoza ilə müqayisə edirdilər.

Bir anlıq hüzr yerinə gələnlərin siyahısını tutduran Hegeli təsəvvür edin.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR