Yaxın Şərq yenidən böyük müharibə riski ilə üzə-üzə qalıb. Artıq cənub qonşumuz İran ABŞ və İsrail tərəfindən mümkün hərbi zərbələr ehtimalını nəzərə alaraq son illər silahlanma kursunu açıq şəkildə sürətləndirib. Tehran bir tərəfdən Rusiya, digər tərəfdən isə Çin ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirərək hava hücumundan müdafiə, aviasiya və raket arsenalını gücləndirməyə çalışır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövcud durumu Musavat.com-da bu cür dəyərləndirdi: "İran ABŞ-ın hücumundan özünü qorumaq üçün Rusiya və Çindən müxtəlif növ hərbi texnika alıb. Rusiya hələ ötən ilin sonlarında İrana zirehli avtomobillər göndərmişdi. Bundan başqa Rusiya İrandan aldığı pilotsuz uçuş aparatlarının əvəzinə qonşu ölkəyə müxtəlif növ qırıcı təyyarələr çatdırıb. İran vaxtilə Rusiyadan hava müdafiə sistemləri də alıb. Ancaq müharibə zamanı İsrail İranın hava müdafiə sistemini dağıdıb.
İranın Rusiyadan aldığı hərbi texnika işə yaramaya da bilər. Çünki ABŞ və İsrail İrana quruda müharibə aparmayacaqlar. Hər iki dövlət ötən dəfə olduğu kimi əvvəlcə İranın hava müdafiə sistemini dağıtmağa çalışacaqlar. İranın Rusiyadan aldığı hərbi təyyarələrin uzaq məsafələrə uçuş həyata keçirmələri çətindir. Bu səbəbdən İran ABŞ və İsrailə qarşı əlində müharibədə olan dronlardan və ballistik raketlərdən istifadə edəcək.
“Röyters” agentliyinin məlumatına görə, İran ABŞ-ın mümkün zərbələr ərəfəsində Çindən səsdən sürətli gəmiəleyhinə qanadlı raketlər almaq üzrə razılaşmaya yaxındır. Yayılan xəbərə görə, Çin istehsalı olan CM-302 raketlərinin alınmasına dair saziş demək olar ki, yekunlaşmaq üzrədir, lakin hələlik çatdırılma tarixi müəyyən edilməyib. Bu raketlərin təxminən 290 km uçuş məsafəsi var və gəmi müdafiə sistemlərindən yayınmaq üçün aşağı hündürlükdə və yüksək sürətlə uçmaq üçün nəzərdə tutulub. ABŞ-ın hərbi gəmiləri ilə mübarizədə İrana məhz Çindən aldığı raketlər lazımdır. Həmin silahlar İranın zərbə imkanlarını gücləndirə və regiondakı ABŞ hərbi-dəniz qüvvələri üçün təhlükə yarada bilər. İran gəmileyhinə qanadlı raketlərin alınması məqsədilə Çinlə iki ildir danışıqlar aparıb. İsraillə müharibə fonunda Tehran Pekinlə danışıqları intensivləşdirib. İranın yüksək rütbəli hərbi və hökumət rəsmiləri danışıqların irəliləməsi məqsədilə bir neçə dəfə Çinə səfər ediblər.
Beləliklə, İran İsrail və ABŞ-la mümkün müharibədə hərbi arsenalını gücləndirməyə və çeşidini artırmağa çalışır. Rusiya və Çin İranın məğlubiyyətinin qarşısını almaq istəyirlər. Buna baxmayaraq, müharibənin başlayacağı təqdirdə Moskva və Pekin İranla birgə hərəkət edə bilməyəcəklər".
Cavanşir Abbaslı
Musavat.com






