İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Musavat.com xəbər portalında yayımlanan “İranda ərzaq qıtlığı” başlıqlı videomaterialla bağlı redaksiyamıza rəsmi məktub ünvanlayıb.
Musavat.com xəbər verir ki, 1 may 2026-cı il tarixli məktubda səfirlik yayılan videoda əks olunan məlumatların “qeyri-obyektiv” və “məqsədli şəkildə hazırlanmış” materiallar olduğunu iddia edib.
Sənəddə bildirilir ki, mənşəyi məlum olmayan şəxslər tərəfindən hazırlanan bu cür görüntülər “psixoloji müharibə” və “qarayaxma kampaniyası”nın tərkib hissəsidir. İran tərəfi qeyd edib ki, belə məlumatların yayılması peşəkar media qurumlarının nüfuzuna xələl gətirə bilər.
Məktubda ABŞ və İsrailin (“sionist rejim” ifadəsi işlədilib) İrana qarşı siyasəti də tənqid olunub. İran səfirliyi bildirib ki, son hərbi təzyiqlərə və sanksiyalara baxmayaraq, ölkədə məhsul tədarükü normal şəkildə davam edir və hazırda İranda ərzaq və ilkin tələbat malları ilə bağlı hər hansı qıtlıq yoxdur.
Səfirlik eyni zamanda qeyd edib ki, “saxta ajiotaj yaratmaq cəhdləri” İran xalqına qarşı aparılan “hibrid müharibə strategiyası”nın bir hissəsidir. Məktubda vurğulanır ki, təhrif olunmuş xəbərlər vasitəsilə İranın daxili sabitliyini sarsıtmaq və regionda gərginliyi artırmaq məqsədi güdülür.
Rəsmi müraciətdə media nümayəndələrinə çağırış da yer alıb. Səfirlik informasiyanın dəqiqliyinin yoxlanılmasına həssas yanaşılmasını və saxta məlumatların yayılmamasını istəyib.
Məktubun ən diqqətçəkən hissələrindən biri isə “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarına edilən rəsmi dəvət olub. İran İslam Respublikasının Bakıdakı Səfirliyi bildirib ki, redaksiya əməkdaşlarının İrandakı real vəziyyətlə yerində tanış olması və reportajlar hazırlaması üçün onların ölkənin müxtəlif bölgələrinə səfərlərinin təşkilinə hərtərəfli koordinasiya dəstəyi verməyə hazırdır.
Səfirliyin məktubunda deyilir:
“İran İslam Respublikasının Bakıdakı Səfirliyi, “Yeni Müsavat”ın əməkdaşlarının İrandakı real vəziyyətlə yerindəcə tanış olmaları və reportajlar hazırlamaları üçün onların ölkənin müxtəlif bölgələrinə səfərlərinin təşkilinə hərtərəfli koordinasiya dəstəyi verməyə hazır olduğunu bildirir”.
Musavat.com olaraq bildiririk ki, qarşı tərəfin mövqeyini olduğu kimi təqdim etmək peşəkar media prinsiplərinin tərkib hissəsidir və mövzu diqqətdə saxlanılacaq.
Musavat.com






