“İran hakimiyyəti ABŞ-dən gələcək mümkün zərbənin yeni kütləvi etirazlar dalğası fonunda rejimin çöküşünə səbəb ola biləcəyindən narahatdır”.
Bu barədə "Reuters" indiki və bəzi keçmiş iranlı rəsmilərə istinadla məlumat yayıb.
Agentlik yazır ki, ölkənin ali rəhbəri Əli Xameneiyə yanvar ayında keçirilən aksiyaların sərt şəkildə yatırılmasından dolayı ictimai qəzəbin kritik həddə çatdığı bildirilib. Mənbələr qeyd edir ki, hakimiyyətin uzun müddət arxayın olduğu əsas maneə - qorxu artıq vətəndaşları saxlamır. Ölkə rəhbərliyi, xarici təzyiqin, xüsusilə ABŞ-nin hərbi müdaxiləsinin etirazçılara əlavə cəsarət verəcəyini düşünür.

"İnsanlar çox qəzəblidir. Qorxu divarı artıq uçub. Artıq qorxu yoxdur”, — vəziyyəti təhlil edən və mötədil fikirləri olan sabiq yüksək rütbəli bir rəsmi qeyd edib.
Agentliyin altı mənbəyi proqnozlaşdırır ki, yeni etirazlar əvvəlkilərdən daha sərt ola bilər, çünki insanlar artıq itirəcəkləri bir şey olmadığını hiss edirlər. Başqa bir iranlı rəsmi bildirib ki, rejim əleyhdarları məhz bu cür bir ssenariyə — xalq kütlələrinin etirazlarına ümid edir. Bu isə Xamenei hakimiyyətinin çökməsinə gətirə bilər. Onun sözlərinə görə, xaricdən bir zərbə ilə küçə etirazlarının birləşməsinə, ölkədə zorakılığın və qeyri-sabitliyin artmasına yol aça bilər. Əvvəlki dövrlərdə də İranın hakimiyyəti ilə əlaqəli bir sıra müxalif siyasətçilər xalqın qəzəbinin artması barədə hökumətə xəbərdarlıq edib.
Rejimin təlaşı nə dərəcədə əsaslıdır?
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Tehran rejiminin təlaşı əsaslıdır, çünki ölkədə rejimdən narazılıq hər keçən gün artır:
“Bu bir faktdır ki, etirazçıların güllələnməsi və indi də edam edilməsi rejimə qarşı xalqın qəzəbini bir qədər də artırıb. Etiraz potensialı artıq daha böyük partlayış həddinə yaxındır. Bir tərəfdən rejim artıq ideoloji səfərbərlik yarada bilmir, xalqı əvvəllər olduğu kimi, din pərdəsi altında “vahid düşmənə qarşı” öz ətrafında cəmləyə bilmir. Rejim etirazları boğur, amma neytrallaşdıra bilmir. Yəni narazılıq yatırılmayb, sadəcə, meydanlardan müvəqqəti yığışdırılıb. Bütün bu və digər reallıqlar onu deməyə əsas verir ki, ABŞ-nin İrana hərbi zərbəsi İran daxilində olan xalq kütlələrinin yenidən ayağa qalxması və rejimə qarşı böyük yıxıcı etiraz dalğasının meydana gəlməsi üçün katalizator rolunu oynaya bilər".

Ekspert qeyd edib:
"Nəzərə alsaq ki, Vaşinqton hərbi zərbələrin hədəfinin rejimin hərbi-siyasi rəhbərliyi və hərbi təyinatlı nöqtələr olacağını, əhaliyə qarşı heç bir zərbə endirilməyəcəyini dəfələrlə bəyan edib, bu amil də narazı xalqın ABŞ əleyhinə rejimin ətrafında səfərbər olunması ehtimalını sıfıra endirəcək”.
Politoloq hesab edir ki, mümkün ABŞ zərbəsi etirazçılara “rejim zəifdir” psixoloji siqnalını verəcək:
“İran hakimiyyəti üçün ən təhlükəli ssenari müharibə + daxili iğtişaşların sinxronlaşmasıdır. Tarixdə bu kombinasiyanın sonu adətən rejimlər üçün ağır olub”.
Etibar Seyidağa,
Musavat.com






