İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla danışıqlar DALANDA, müharibə QAPIDA?

573 13.05.2026 15:48 Gündəm A A

Hörmüz boğazı ətrafında vəziyyət qəliz olaraq qalır. Artıq neçənci dəfədir ki, İran ABŞ-nin, ABŞ isə İranın təkliflər paketini rədd edib.

Prezident Tramp bu xüsusda İran daxilində fərqli qrupların mövcud olduğunu bildirərək deyib ki, orada həm mötədil qüvvələr, həm də dəli insanlar adlandırdığı radikal qruplar var. O bildirib ki, ölkədə daha çox hörmət edilən tərəf mötədillərdir, radikallar isə sona qədər mübarizə aparmaq istəyirlər.

ABŞ lideri əlavə edib ki, İran Vaşinqtonun zamanla geri çəkiləcəyini düşündüyü halda, bunun baş verməyəcəyini hesab edir. “İran düşünür ki, mən yorulacağam və ya mənə təzyiq ediləcək. Amma heç bir təzyiq yoxdur. Ya Tehran Vaşinqtonla kompromis razılaşmasına gedəcək, ya da ABŞ İranda başladığı işi bitirəcək Biz tam qələbə qazanacağıq”, - Tramp qeyd edib.

Bəs bu durum daha nə qədər davam edəcək? Boğazın blokadası Trampa gözlədiyi nəticəni gətirəcəkmi və nə vaxt?

"Ya Tehran Vaşinqtonla kompromis razılaşmasına gedəcək, ya da ABŞ İranda “başladığı işi bitirəcək”.

Bu gün həmçinin məlumat yayılıb ki, atəşkəs bitərsə, Pentaqonun İrana qarşı hərbi əməliyyatının adı “Çəkic əməliyyatı” olacaq. NBC News-ın məlumatına görə, bu ad 28 fevralda başlayan "Epik Qəzəb Əməliyyatı" adını əvəz edəcək.

Memfis Universitetinin (ABŞ) Tarix kafedrasının professoru, fəlsəfə doktoru Andrey Znamenski də hesab edir ki, İran hökumətinin ABŞ-ın təkliflərini qəbul etməkdən imtinası ABŞ-İsrail koalisiyasının İran hərbi və digər infrastruktur obyektlərini qeyd-şərtsiz bombalamağa davam edəcəyi deməkdir. Belədirmi? Müharibə yaxınlaşır?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Donald Trampın İranla bağlı son açıqlamaları Vaşinqtonun Tehran üzərində həm siyasi, həm də psixoloji təzyiq strategiyasını davam etdirmək niyyətini göstərir: “Trampın İran daxilində “mötədillər” və “radikallar” arasında fərq qoyması da təsadüfi deyil. Bir tərəfdən baxdıqda həqiqətən də İran daxilində ABŞ ilə danışıqlarla bağlı fikir ayrılıqları var. Fikir ayrılıqları əvvəl siyasi hakimiyyətlə güc strukturları və əsasən də SEPAH arasında idisə, indi artıq SEPAH-ın özünün də daxilində fərqli mövqelərin ortaya çıxdığı müşahidə olunur.

SEPAH-a kifayət qədər bağlı olan və keçmişdə SEPAH briqadalarına rəhbərlik etmiş Qalibafın Trampın “radikal” adlandırdığı dairələr tərəfindən tənqid olunması da bunun bariz sübutudur. Digər tərəfdən, Trampın bu cür bəyanatı əslində ABŞ-nin uzun illərdir tətbiq etdiyi klassik yanaşma kimi də qəbul oluna bilər. Yəni, daxildəki fikir ayrılıqlarını qabardaraq hakimiyyət daxilində parçalanmanı dərinləşdirmək və nəticədə Tehranı güzəştlərə məcbur etmək”.

Qarşıdurmanın nə qədər davam edəcəyinə gəldikdə isə politoloqa görə, hələ ki, tərəflərin heç biri geri addım atmağa hazır görünmür: “İran hesab edir ki, uzunmüddətli müqavimət ABŞ daxilində siyasi və iqtisadi yorğunluq yaradacaq. ABŞ isə əksinə düşünür ki, sanksiyalar, iqtisadi təcrid və hərbi təzyiq nəticəsində Tehran müəyyən mərhələdə geri çəkilməyə məcbur olacaq. Bu səbəbdən prosesin qısa müddətdə tam olaraq yekunlaşacağını düşünmək çətindir”.

Bununla belə, politoloq hesab edir ki, Trampın Çin səfərində Pekinin də maraqları nəzərə alınmaqla İran böhranının həlli istiqamtində müəyyən irəliləyişlər ola bilər: “Çin üçün hazırda ABŞ tərəfindən tətbiq olunan dəniz blokadasının və təbii ki, İranın tərəfindən də Hörmüz blokadasının götürməsi olduqca vacibdir. Bu baxımdan da Çinin İrana nüvə məsələsində müəyyən güzəştlərə getmək üçün təsir göstərməsi ehtimalı var.

Məsələn, ABŞ dəniz blokadasını götürür və bununla da İranın faktiki olaraq dondurulmuş idxal-ixrac əməliyyatları bərpa olunur. İran isə öz növbəsində Hörmüz blokadasını götürür və saflaşdırılmış uranın üçüncü ölkəyə verilməsi ilə razılaşır. Bu baş verəcəyi halda artıq İranın nüvə proqramı və bu proqramın müəyyən müddət üçün dondurulması müqabilində İrana qarşı tətbiq olunan sanksiyaların tədricən aradan qaldırılması ilə bağlı uzunmüddətli danışıqlar başlaya bilər. Yox, əgər hər hansı bir razılşama olmayacaqsa o zaman Andrey Znamenskinin də dediyi kimi, ABŞ və İsrailin hərbi təzyiqləri artırmaqdan başqa yolu qalmayacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR