Pakistanın paytaxtı İslamabadda yerləşən məscidlərdən birində törədilən və 30-dan çox insanın ölümü ilə nəticələnən dəhşətli terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Musavat.com xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Hadisənin təfərrüatlarına görə, terrorçu-kamikadze məscidin əsas girişinə yaxınlaşaraq onu saxlamağa çalışan mühafizəçilərə atəş açıb. Mühafizə səddini keçdikdən dərhal sonra cinayətkar üzərindəki partlayıcı kəməri işə salıb. Şahidlərin sözlərinə görə, partlayış dindarların cümə namazı üçün toplandığı izdihamlı vaxta təsadüf edib.
İŞİD-in "Xorasan" qolu yenidən aktivləşir
Ekspertlər bu hücumun İŞİD-in regiondakı qolu olan "İŞİD-Xorasan" tərəfindən planlaşdırıldığını bildirirlər. Son aylar ərzində Pakistanın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilsə də, terrorçuların şəhərin mərkəzi hissələrinə sızması ölkədə ciddi narahatlıq doğurub.
Pakistanın Baş naziri hadisəni pisləyərək, günahkarların tapılıb cəzalandırılacağını və terrorla mübarizənin daha da kəskinləşəcəyini bəyan edib. Hazırda hadisə yerində xüsusi istintaq qrupu işləyir, xəsarət alan 50-dən çox insanın müalicəsi davam etdirilir. Onların bir çoxunun vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı istisna edilmir.
Musavat.com






