İran hakimiyyəti İsrail tərəfindən mümkün hərbi təhdidlər fonunda ölkənin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanıldığını bəyan edib. Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bu barədə mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, psixoloji təzyiq və hədələr Tehrana qarşı aparılan strategiyanın yeni elementi deyil:
“Psixoloji təzyiq düşmənlərin istifadə etdiyi köhnə üsuldur. Biz regionda və beynəlxalq müstəvidə digər ölkələrin bütün addımlarını diqqətlə izləyirik. İranın suverenliyini qorumaq üçün Silahlı Qüvvələrimiz heç bir zəiflik nümayiş etdirmədən hərəkət edəcək”.
Rəsmi açıqlama İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı ehtimalların gündəmə gətirildiyi bir vaxtda səsləndirilib. Tehran bu cür ssenarilərə hazırlıqlı olduğunu açıq şəkildə nümayiş etdirməyə çalışır.
Bu arada, daha əvvəl mediada yayılan məlumatlarda İranın ali dini lideri Əli Xameneinin ölkə daxilində vəziyyətin kəskinləşəcəyi təqdirdə Tehrandan evakuasiya planı hazırladığı iddia olunmuşdu. Həmin xəbərlərdə bildirilirdi ki, təhlükəsizlik qüvvələri etirazları nəzarət altına ala bilməsə, fövqəladə ssenarilər işə salına bilər.
Musavat.com






