İsrailin maliyyə naziri, İfrat sağçı Dini Sionizm partiyasının lideri Bezalel Smotriç Oslo Sazişlərinin ləğv edilməsinə və Fələstin Milli Hakimiyyətinin (FMH) ləğv edilməsinə çağırıb.
Musavat.com xəbər verir ki, nazir həmçinin Qərb Sahilində yaşayan fələstinlilərin "könüllü mühacirətini təşviq etməyi" təklif edib.
Qərb Sahilindəki İsrail yaşayış məntəqələrinin rəhbərləri ilə görüşdə çıxış edən Smotriç bu vəzifənin 2026-cı ilin oktyabr ayında keçiriləcək seçkilərdən sonra formalaşacaq növbəti İsrail hökuməti tərəfindən həll edilməli olduğu fikrini irəli sürüb.
Nazirin çıxışını "Kan" dövlət televiziyası yayımlayıb: "Mən sizə burada və indi növbəti müddət üçün məqsədlərimizdən birini təqdim edirəm: ərəb terrorçu dövləti ideyasını aradan qaldırmaq, qanlı Oslo Sazişlərini ləğv etmək və eyni zamanda Qəzzadan, eləcə də Yəhudeya və Samariyadan (Qərb Sahilinin İsrail adı - RED.) mühacirəti təşviq etməklə suverenlik yoluna qədəm qoymaq. Uzunmüddətli perspektivdə başqa həll yolu yoxdur".
O, həmçinin seçkilərdən sonra hökumətin ölkənin cənubundakı böyük bədəvi əhalisinin yaşadığı Negev səhrasında və əhalisinin əhəmiyyətli bir hissəsi ərəb olan şimali İsraildəki Qalileyada yəhudi yaşayış məntəqələrinin tikintisi tempini kəskin şəkildə artırmalı olacağını deyib.
Hökumətdə Fələstin ərazilərində məskunlaşma fəaliyyətinə nəzarət edən Smotriçin açıqlaması, İsrail kabinetinin Qərb sahilində torpaq qeydiyyatı prosesinin başlanmasını təsdiqləməsindən iki gün sonra verilib. Bu, 1967-ci ildə altı günlük müharibədən sonra əvvəllər İordaniya hakimiyyəti altında olan Qərb sahilinin İsrailin nəzarəti altına keçməsindən bəri ilk belə qərardır. Bu addım BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra ərəb və müsəlman ölkələri tərəfindən pislənib. Beynəlxalq hüquqa əsasən, Qərb sahilindəki ərazilər işğal olunmuş hesab olunur və İsrailin oradakı məskunlaşma fəaliyyəti beynəlxalq hüquqa zidd hesab olunur.
Oslo Sazişləri 1993 və 1995-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və Fələstin Azadlıq Təşkilatı arasında bağlanıb. Bu Sazişlərə əsasən, Qərb sahilində və Qəzza Zolağında Fələstin əraziləri üzərində qismən nəzarət Fələstin Milli Hakimiyyətinə verilib.
Musavat.com






