Son aylar səhhəti ilə bağlı tez-tez gündəmə gələn Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov dünən Kremldə görünüb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Bildirilir ki, Kadırov yanvarın 29-da Rusiya paytaxtına gələn Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, Kadırovun yaxın dostu Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla Putin arasında danışıqlarda iştirak etmək üçün Kremlə dəvət edilib.
Məlumdur ki, Ramzan Kadırov çoxdandır ki, Rusiya ilə Ərəb ölkələri arasındakı münasibətlərdə qeyri-rəsmi vasitəçidir. Ərəb ölkələri ilə Rusiya arasındakı münasibətlərin tənzimlənməsində rolu rəsmi diplomatik deyil, daha çox qeyri-formal, simvolik və ideoloji xarakter daşıyır. O. ərəb monarxiyaları rəhbərləri ilə şəxsi görüşlər keçirir,özünü “müsəlman lider” kimi təqdim edir və ən əsası Kreml adından mesaj daşıyıcısı rolunu oynayır.

Jurnalistlər “ölüm ayağında” olduğu haqda xəbərlərin fonunda Kadırovun gümrah göründüyünü bildiriblər.
Çeçenistan liderinin jurnalistlərə dediyinə görə, BƏƏ prezidenti Putinlə görüşdən səmimi məmnuniyyətini ifadə edib və hər iki ölkənin maraqları naminə tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.Ramzan Kadırovun görüşdə iştirakı təəccüblü deyil. Onun BƏƏ rəhbərliyi ilə uzun müddətdir dostluq münasibətləri var. Çeçenistan lideri bu tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib və bu, Rusiya ilə BƏƏ arasında münasibətlərin getdikcə möhkəmləndiyi də təsdiqləyir.
Kadırovun deyib ki, Putin hörmətli qonağı və bütün ərəb nümayəndə heyətini səmimi qarşılayıb, bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 55-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Putin Şeyx Məhəmməd bin Zayedin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi şəxsi töhfəni yüksək qiymətləndirib.
Çeçenistan lideri Ukrayna ilə danışıqlar barədə sərt danışıb: “Mən inanıram ki, müharibə qalibiyyətlə başa çatmalıdır. Danışıqlar hər şey bitdikdən sonra olacaq. Mən danışıqların əleyhinəyəm”.
Sonda yada salaq ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ötən ilin sentyabrında Azərbaycan Prezidentinin dəvəti ilə Şuşada olub.
Musavat.com






