Kreml gələn ildən gec olmayaraq Çeçenistan rəhbəri Ramzan Kadırovdan xilas olmağı planlaşdırır. Rusiya Prezident Administrasiyasının bir neçə nüfuzlu şəxsi əllərindən gələni edəcəklər ki, Kadırov gələn ilin əvvəlində Çeçenistan rəhbəri vəzifəsindən istefa versin.
Bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.
“Ramzan yorğun olduğunu deyir, amma Vladimir Putin istəsə, namizədliyini irəli sürəcəyində israr edir. Ola bilsin ki, istəsin. Amma biz prezidenti inandırmaq niyyətindəyik ki, Kadırovla ən azı gələn il qurtarmaq lazımdır. Bunun üzərində işləyirik”, - mənbə bildirib. (Axar.az)
Xatırladaq ki, Ramzan Kadırov özünü zaman‑zamam mediada “yorulmuşam, amma mənim siyasi rolum davam etməlidir” kimi ifadələrlə təqdim edib. O, bir neçə dəfə deyib ki, əgər Rusiya prezidenti Vladimir Putin təklif edərsə, 2026‑cı ildəki regional seçkilərdə yenidən namizədliyini irəli sürməyə hazırdır. Bu açıqlama göstərir ki, Kadırovun öz baxışı hələ də hakimiyyətdə qalmaqdır, əgər ona Putindən dəstək gəlsə.
Kadırov 2007‑ci ildən bəri Çeçenistanın rəhbəridir və uzunmüddətli hakimiyyəti ilə tanınır. Bu dövrdə onun Moskva ilə münasibətləri zaman‑zamam gərgin olsa da, o, Putinin yaxın müttəfiqi olaraq qalır.
Kreml daxilində Kadırovdan “xilas olma” planlarının səbəbləri nələr ola bilər? O, gələn ilin əvvəlində istefa verə bilərmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
“Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə son dərəcə sadiq bir fiqurdur. O, Putinə o qədər bağlıdır ki, ruslarla iki dəfə müharibə yaşamış çeçenləri, aidiyyəti olmayan halda, Ukraynaya qarşı işğalçı müharibəyə göndərir. Həmin müharibədə çeçenlər faktiki olaraq Rusiya üçün həlak olurlar. Halbuki, qeyd etdiyim kimi, Çeçenistanda iki dəfə müharibə baş vermişdi və minlərlə günahsız çeçen vətəndaş həyatını itirmişdi. Buna baxmayaraq, Putin Kadırova tam inanır və ona etibar edir.
Amma Kadırov hazırda xəstə vəziyyətdədir və onun əvəz edilməsi barədə düşüncələr mövcuddur. Putin də əslində Kadırovun vəziyyətini anlayaraq, onu bir başqası ilə əvəz etməyi düşünür. Lakin belə bir şəxsi tapmaq çətin görünür. Əvəzləyəcək şəxs birincisi, Putinə eyni səviyyədə bağlı olmalı, ikincisi isə çeçenləri avtoritar üsullarla idarə edə bilməlidir. Yəqin ki, hələlik Putin belə bir şəxsi tapa bilmədiyi üçün xəstə vəziyyətdə olsa da, Kadırovla yola davam edir.
Eyni zamanda, bu məsələ Putinin ciddi diqqətindədir. Ramzan Kadırova alternativ bir fiqur tapılması üçün hazırlıqların görülməsi vacibdir. Güman edilir ki, gələn il bu məsələ üzrə ciddi addımlar atılacaq və Putin Kadırovun əvəz olunması barədə qərar verməyə çalışacaq”.
Xalidə Gəray
Musavat.com






