Kubanın ərazi sularında ABŞ bayrağı altında üzən qayıqla bağlı silahlı insident baş verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, kater Kuba sularına girib və onda olanlar sərhədçilərə atəş açdı. Atışmada dörd hücumçu öldürülüb, altısı yaralanıb.
Kuba DİN-in məlumatına görə, ABŞ bayrağı altında üzən, Florida qeydiyyat nömrəsi FL7726SH olan qayıqda ABŞ-da yaşayan 10 silahlı kubalı olub və onların çoxu əvvəllər cinayət törətmiş şəxslər idi.
Hakimiyyət orqanlarının məlumatına görə, qrup terror aktları törətmək üçün adaya qanunsuz girmək niyyətində olub. Qayıqda tüfənglər, tapançalar, “Molotov” kokteyli, zirehli geyimlər və kamuflyaj formaları tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra ABŞ-dən gələn və silahlı qruplaşmanın əlbir ola biləcəyi bir kişini saxlayıblar.
"The New York Times" qəzeti ABŞ rəsmisinə istinadən bildirib ki, qayığın sahil mühafizəsi və ya ABŞ hərbi dəniz qüvvələri ilə heç bir əlaqəsi yoxdur. Florida baş prokuroru Ceyms Utmeyer araşdırma aparılmasını əmr edib.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Ağ Ev Kubanın ərazi sularına daxil olan qauıqla bağlı vəziyyəti izləyir.
Dövlət katibi Marko Rubio öz növbəsində bildirib ki, Vaşinqton hadisəni araşdırır, lakin hələlik yalnız Kuba hakimiyyətindən məlumat əldə edib. Rubio həmçinin hadisənin ABŞ hökuməti və ya onun əməliyyatları ilə əlaqəli olmadığını vurğulayıb.
Musavat.com






