Ermənistanda hakimiyyətlə erməni kilsəsi arasında qarşıdurma yeni və daha təhlükəli fazaya daxil olur.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yazı dərc olunub.
Qəzet Ermənistan Apostol Kilsəsinin (AAK) rəhbəri II Qaregin ətrafında yaranmış vəziyyəti təhlil edərək Paşinyan hökumətinin kilsənin mümkün “sürgün mərkəzi” yaratmaq planının qarşısını almağa çalışdığını bildirib.
Yazı müəllifinin fikrincə, son aylarda AAK rəhbərliyinin xaricə köçərək “mühacirətdə kilsə strukturları” formalaşdırmaq variantını nəzərdən keçirməsi haqda yayılan məlumatlar əsassız olmayıb. Bildirilir ki, katolikosun Ermənistan daxilində manevr imkanları sürətlə daralıb: onun ünvanına hakimiyyətə bağlı kilsə məhkəməsi vasitəsilə vəzifədən kənarlaşdırılma perspektivindən tutmuş, dövlətə xəyanət maddəsi ilə cinayət işi açılması ehtimalınadək müxtəlif təhdidlər səsləndirilib.
Qəzetin iddiasına görə, katolikosun xaricdə geniş əlaqələr şəbəkəsi və tərəfdar bazası mövcuddur. Fevral ayı ərzində onun aktivlərini gözdən keçirməsi və müəyyən hazırlıq addımları atması hakimiyyət tərəfindən “emiqrasiya siqnalı” kimi qiymətləndirilmiş ola bilər.
Məqalədə ABŞ vitse-prezidenti Cey Di Vensin 10 fevral tarixində İrəvana səfərinin prosesə təkan verən amillərdən biri ola bilcəyinə diqqət çəkilib. Səfər fonunda Qarabağ ermənilərinin “Erməni xristian girovlarını azad edin!” şüarları ilə keçirdiyi aksiya və həbsdə olan arxiyepiskop Baqrat Qalstanyanın Vensə məktub göndərməsi hakimiyyət üçün əlavə təzyiq mühiti yaradıb. ABŞ administrasiyası məktubun alındığını təsdiqləsə də, şərh verməyib.
Rusiya qəzetinin iddiasına əsasən, hazırkı vəziyyətdə “mühacirətdə AAK” layihəsinin iflasa uğramaqdadır. Bunun əvəzində Paşinyanın loyal ruhani çevrələrin köməyi ilə Eçmiədzində alternativ və hakimiyyətə yaxın katolikos seçkisini təşkil edə biləcəyi iddia olunur. Türkiyə mediasında hətta potensial namizəd kimi İstanbul erməni patriarxı II Sahak Maşalyanın adı hallandırılır.
Musavat.com






