“Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı açıqlamalarının cəmiyyətdə gərginlik yarada biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Marukyan Paşinyanın kilsə ayini zamanı II Qareginin adının çəkilməsinə etirazların “yolverilən” hesab olunması barədə fikirlərini problemli adlandırıb. Onun fikrincə, dini ayinlərə müdaxilə qanunvericiliklə qadağandır və bu mövzuda daha ehtiyatlı yanaşma tələb olunur.
Erməni siyasətçi həmçinin parlament üzvlərinə 3 milyon dram (təsminən 7800 dollar) məbləğində birdəfəlik mükafatların verilməsini tənqid edib. O, müxalifət deputatlarının da bu məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirmədiyini qeyd edib.
Qeyd edək ki, hökumət ilə Eçmiədzin arasında münasibətlər xüsusilə 2020-ci il müharibəsindən sonra gərginləşib. Son illər bu qarşıdurma həm siyasi, həm də ictimai müstəvidə davam edir və hazırda tərəflər arasında dialoq qarşılıqlı ittiham səviyyəsində gedir.
Musavat.com






