“Ukrayna hazırda Rusiya ilə genişmiqyaslı müharibə dövrünün ən ciddi daxili hərbi-siyasi böhranlarından birini yaşayır. İyulun 15-də müdafiə naziri Mixaylo Fedorovun vəzifəsindən uzaqlaşdırılması ölkədə kütləvi etirazlara və idarəetmə böhranına rəvac verib”.
Deputat Elçin Mirzəbəyli bu fikirləri Rusiyanın işğalçı müharibəsinə qarşı mübarizə apardığı dönəmdə daxildə də təlatümlər yaşayan Ukraynada baş verənlərlə bağlı Musavat.com-a verdiyi açıqlamasında bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, Ukrayndakı bu qarşıdurma fərdlərarası münaqişə deyil, bu ölkənin hərbi sferasındakı iki fərqli doktrinanın toqquşmasıdır:
“Böhranın əsas hərəkətverici qüvvəsi Müdafiə Nazirliyi - siyasi-texnoloji qanad - ilə Silahlı Qüvvələrin Baş Komandanlığı - ənənəvi hərbi qanad - arasındakı konseptual fərqlərdir. Siyasi-texnoloji qanad ordunun sürətli rəqəmsallaşdırılmasını, yerli dron istehsalının artırılmasını və şəbəkə-mərkəzli müharibə modelini müdafiə edir. Məqsəd texnoloji üstünlüklə canlı qüvvə itkisini minimuma endirməkdir. Ənənəvi hərbi qanad isə mərkəzləşdirilmiş, piyada və ağır artilleriyanın kütləvi tətbiqinə əsaslanan ənənəvi sovet taktikalarına üstünlük verir”.
Elçin Mirzəbəyli ölkə daxilindəki gərginlikdən bəhs edərkən bir məqama xüsusilə diqqət çəkib:
“Cəmiyyətdəki və ordudakı kütləvi narazılığı kritik həddə çatdıran daxili amillər Aleksandr Sırskinin ordu daxilində və mülki cəmiyyətdə taktiki hədəflər naminə canlı qüvvə itkilərinə qarşı həddindən artıq dözümlü yanaşması, Mixaylo Fedorovun isə ön cəbhədəki hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasını, maaşların artırılmasını və şəffaf rotasiya sisteminin qurulmasını tələb etməsi mövcud səfərbərlik sistemindəki çatışmazlıqlar və ədalətsizliklərdir. Etiraz aksiyaları daxili resurslardan qaynaqlansa da, şübhəsiz, xarici təhdidlər üçün zəmin yaradır. Təbii ki, küçələrə çıxan minlərlə insan könüllü və vətənpərvər kütlədir. Hərbi Hava Qüvvələrinin rəhbərliyi, veteranlar və ön cəbhədəki əsgərlər də bu prosesi dəstəkləyirlər. Məqsəd isə dövləti zəiflətmək deyil, orduda sovet sisteminə qayıdışın qarşısını almaqdır”.
Deputat rəsmi Moskvanın Ukraynadakı hadisələrə müdaxilə imkanlarını da istisna etmir:
“Şübhəsiz ki, Rusiya kəşfiyyatı yaranmış daxili gərginlikdən maksimum bəhrələnməyə çalışır. Kremlin strateji hədəfi xalqı hakimiyyətə, ordunu isə siyasi rəhbərliyə qarşı qaldıraraq Ukrayna daxilində xaos yaratmaqdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ukraynadakı daxili münaqişə “müharibəni davam etdirənlər” ilə “təslim olmaq istəyənlər” arasında getmir. Fedorovun tərəfdarları da, yeni komandan general Mixail Drapatı da daha effektiv, sərt və texnoloji müharibənin tərəfdarıdır. Bu səbəbdən daxili etirazların kapitulyasiyaya yol açması ehtimalı olduqca aşağıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, hərbi komandanlıq strukturundakı qəfil dəyişikliklər cəbhə idarəetməsində müvəqqəti koordinasiya boşluğu riski yaradıb, Rusiya ordusu yaranmış vəziyyətdən istifadə etmək üçün Pokrovsk və Kostyantinovka istiqamətlərində hücumlarını artırıb. Əgər yeni komandanlıq cəbhəni dərhal sabitləşdirə bilməsə, Kiyev əlavə ərazilər itirmək təhlükəsi ilə üzləşəcək”.
Elçin Mirzəbəyli əlavə edib ki, bütövlükdə, Ukraynadakı kütləvi etirazlar Rusiyanın ssenarisi deyil, Ukrayna xalqının və ordusunun öz gələcəyini sovetləşmədən qorumaq üçün göstərdiyi daxili reaksiyadır:
“Dövlətin və müharibənin taleyi yeni komandanlığın daxili sabitliyi nə dərəcədə sürətlə bərpa edəcəyindən asılıdır”.
E.Paşasoy,
Musavat.com






