Yaxın Şərqdə gərginlik idarəolunmaz həddə çatıb. İsrail ordusunun Livanın Bəqaa vadisinə endirdiyi şiddətli hava zərbələri nəticəsində "Hizbullah" qruplaşması ağır itki verib.
Musavat.com-un məlumatına görə "Hizbullah" rəsmən təsdiq edib ki, hücumlar zamanı qruplaşmanın yüksəkrütbəli rəsmisi Hüseyn Yaqi də daxil olmaqla, ümumilikdə 6 mühüm üzvü öldürülüb. Bu itki təşkilatın komanda zəncirinə vurulan ciddi zərbə kimi qiymətləndirilir.
İsrail ordusu əməliyyatın detalları barədə məlumat yayaraq bildirib ki, Livanın cənubundakı "Hizbullah" hərbi infrastrukturu təkcə havadan deyil, həm də dənizdən hədəf alınıb. İsrailin raket freqatları qruplaşmanın strateji obyektlərini dənizdən açılan atəşlə darmadağın edib.
Məlumata görə, hədəf alınan nöqtələr arasında silah anbarları, rabitə mərkəzləri və raket buraxılış məntəqələri var. İsrailin bu son həmləsi Livan daxilində "Hizbullah"ın hərəkət qabiliyyətini xeyli zəiflədib. Bölgədə genişmiqyaslı müharibə riskinin artdığı bildirilir.
Musavat.com






