Ukraynanın dron hücumundan sonra Lukoyl şirkətinə məxsus Volqoqrad neft emalı zavodu fəaliyyətini dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb. Mənbələr agentliyə bildiriblər ki, dron hücumu nəticəsində gündə 9100 metrik ton (66700 barel) tutumlu əsas CDU-5 neft emalı qurğusu və 11000 ton tutumlu hidrokreker zədələnib.
Mənbələrdən biri bildirib ki, "neft emalı zavodu bağlanıb. CDU-5 alovlanıb və hidrokrekerə müəyyən ziyan dəyib".
Reuters-in Lukoyl-a şərh vermək üçün göndərdiyi sorğu cavabsız qalıb.
Keçən il Volqoqrad neft emalı zavodu 13,7 milyon ton neft emal edib ki, bu da Rusiyanın ümumi neft emalı həcminin 5,1 faizini təşkil edir.
Zavod dərin neft emalı üzrə ixtisaslaşıb, benzin, dizel və aviasiya yanacağı, yanacaq yağı, bitum və digər neft məhsulları istehsal edir. Volqoqrad Neft Emalı Zavoduna edilən hücum son üç ayda ən azı üçüncü olub. Əvvəlki hücumlar 14 və 19 avqustda baş verib.
Bundan əvvəl Rusiyada Ukraynanın dron zərbələri nəticəsində daha iki neft emalı zavodu - Başqırdıstandakı neft-kimya zavodu və Nijni Novqorod Neft Emalı Zavodu fəaliyyətini dayandırıb.
Eyni zamanda Tuapse limanından yanacaq terminalı da işinə fasilə verməli olub.
Musavat.com






