Ağ Ev İraq hökumətinin Lukoil şirkətinin “Qərbi Qurna-2” neft yatağındakı payını Amerika şirkətinə vermək planını dəstəkləyir.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg Dövlət Departamentinin sözçüsünə istinadən yayıb. ABŞ rəsmisi agentliyə bildirib ki, "İraq Neft Nazirliyinin Exxon və Chevron Corp. ilə ilkin razılaşmaları, eləcə də “Qərbi Qurna-2”ni ABŞ operatoruna təhvil vermək barədə son öhdəliyi bizi ruhlandırır" və əlavə edib ki, "ABŞ hakimiyyəti İraqdakı Amerika şirkətlərinin maraqlarını müdafiə etməyə davam edəcək".
Oktyabrda Lukoyl-n Böyük Britaniya və ABŞ-ın sanksiya siyahısına salınmasından sonra şirkət xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb. Bir neçə gün sonra Vladimir Putinə yaxın şəxsin nəzarətində olan Gunvor şirkəti Lukoyl-un xarici aktivlərini almaq üçün ABŞ Maliyyə Nazirliyinə (OFAC) müraciət edib, lakin müraciəti rədd edilib.
OFAC-ın Lukoyl aktivlərinin satışı üzrə müqavilələrin təsdiqlənməsi və bağlanması üçün əməliyyatlar aparmağa verdiyi icazə 13 dekabr tarixinə qədər qüvvədədir.
Bundan əvvəl mediada İraq Neft Nazirliyinin Rusiya şirkətinin yataqdakı payını təhvil vermək üçün bir neçə aparıcı ABŞ istehsalçısına müraciət etməyi planlaşdırdığına dair məlumat yayılıb. Nazirlik bildirib ki, "Qərbi Qurna-2” yatağının idarə edilməsinin ABŞ neft şirkətinə təhvil verilməsi qarşılıqlı maraqlara uyğun olacaq, qlobal bazarların sabitliyini gücləndirəcək və İraqın neft hasilatını və bazar payını təmin edəcək". Məlumata görə, Exxon və Chevron Corp. şirkətləri Lukoyl-un beynəlxalq aktivlərinin ən azı bir hissəsində maraqlı olan ABŞ neft şirkətləri arasında olub və Exxon İraq Neft Nazirliyinə “Qərbi Qurna-2”ni almaqda maraqlı olduğunu bildirib.
Bloomberg-in məlumatına görə, İraq əvvəllər qonşu “Qərbi Qurna-1” neft yatağını işlədən Exxon şirkətinə üstünlük verərdi (şirkət 2024-cü ildə layihədən çıxmışdı – red.).
ExxonMobil bu yaxınlarda İraqa qayıdıb və oktyabr ayında ölkənin cənubundakı “Məcnun” yatağının işlənməsi üçün yol aça biləcək ilkin razılaşma imzalayıb. Agentliyin qeyd etdiyinə görə, Chevron şirkətinin baş direktoru Mayk Virt 12 noyabrda şirkətin investor günündə bildirib ki, İraq bazarına daxil olmaq üçün danışıqlar aparır.
OPEC-in ikinci ən böyük neft istehsalçısı olan İraq “Qərbi Qurna-2”də gündə təxminən 480.000 barel neft hasil edir ki, bu da qlobal hasilatın təxminən 0,5 faizini təşkil edir. Lukoyl layihədə 75 faiz paya sahibdir və neft xidmət müqaviləsi çərçivəsində hasil olunur.
Musavat.com






