Bir yerdən sonra insanlara aid olacağı və bir qədər təhqiramiz görünəcəyi üçün başlığa verilmiş ifadələrin izahatına ehtiyac var.
Hindistanda meymunları necə tutduqlarını bilmiş olarsınız. Videoları da var. Bəzən ağacda bir makaka meymununun əli girəcəyi qədər koğuş açır, bəzən də dar ağızlı bankaları torpağa basdırır, dirəyə sarıyır, içinə dən, qoz-fındıq atırlar. Ağacda oturmuş meymunlar bunu görür. Ovçular çıxıb gedəndən sonra onlar ağaclardan enir, əllərini həmin dar ağızlı koğuşa, bankaya salır, dəni, qoz-fındığı ovuclayır, ancaq artıq yumruğa dönmüş əllərini oradan çıxara bilmirlər. Meymunlar çabalaya-çabalaya qalır, insandan sonra nə qədər zəki məxluq sayılsalar da, ovçular yaxınlaşanda belə ovuclarındakı azuqəni buraxıb əllərini koğuşdan, bankadan çıxarıb qaçmırlar, tamahkarlıq onların beynini o qədər kütləşdirir ki, əlləri dar yerdə çırpınıb dururlar. Ovçular isə ya onları ənsələyib qəfəsə salırlar, ya da dəyənəklə döyüb öldürürlər (çünki həddən artıq çoxdurlar və təsərrüfata ziyan verirlər).
Məsələ bununla da bitmir, ertəsi gün ovçular gəlir, makakalara qarşı yenidən eyni tələni qururlar. Bədbəxt meymunlar yenə eyni tələyə düşürlər. Koğuşdakı, bankadakı müftə qoz-fındıq onların gözünü bağlayır, beyinlərini kütləşdirir, təhlükəni görmürlər, anlamırlar, “qardaşlarının” dünən aqibətindən dərs almırlar.
Bir də tropik sularda yaşayan piraniya balıqları var: bədənlərinin uzunluğu təxminən 15 sm, maksimumu 50 sm-dir, çəkiləri 3,9 kilodan artıq olmur. Ancaq bu mişar dişli balıqlar adamyeyən köpək balıqlarından daha yırtıcıdırlar. Köpək balığının dişindən qurtulmaq şansı var, piraniyadan - əsla. 250 kiloluq inəyi 10 dəqiqənin içində skeletə döndərə bilirlər. Onlarda doymaq söhbəti yoxdur. Elektriklə işləyən ətçəkən maşın kimi əti necə üyüdürsə, piraniyaların çənəsi və gödəni elə işləyir.
Vaxtaşırı olaraq ölkəmizdə korrupsiya və rüşvətxorluğa görə ifşa olunan dövlət məmurlarının hadisələri onları makaka və piraniyalarla müqayisə etməyə imkan verir.
Bu şəxslərdə doymaq, qane olmaq, bir yerdən sonra gözütoxluq etmək söhbəti yoxdur, soyduqca soyur, yığdıqca yığırlar, ənsələnəndə belə ovuclarında tutduqları varidatı buraxmaq istəmirlər, hətta həbsdən çıxdıqdan sonra müsadirə olunmuş varidatlarını geri tələb edirlər, özlərindən əvvəl eyni tələyə düşüb tutulanların aqibətindən dərs götürmürlər.
Məsələn, bir neçə gün öncə Nəsimi rayonunun İH başçısı vəzifəsindən götürülən İbrahimov soyadlı məmurun başına gələnlərə baxaq. Adam 47 gün öncə ölkənin mərkəzində yerləşən kənd rayonundan paytaxtın mərkəzində yerləşən şəhər rayonuna vəzifəyə gətirilmişdi. Bəlkə də bir müddətdən sonra Bakı şəhərinin rəhbəri təyin ediləcəkdi. Ancaq o, bu 47 gündə elə bir tamah, acgözlük sərgiləyib ki, adamı vəzifəsindən dərhal götürüblər – özünü daha artıq bataqlığa salmasın deyə.
Baxırsan, intellektual görünüşlüdür, tipik harın başçı obrazından uzaqdır, amma o da özünü qandallanan sələfləri kimi aparırmış.
Bu, ilk hadisə deyil. 5-6 ildir ki, vaxtaşırı olaraq bu cür əməliyyatlar keçirilir, şərti adı “qaramaskalı qardaşlar” olan hüquq-mühafizə əməliyyatçıları rayonlarda at oynadan, adı çıxmış, barəsində daşdan keçən ifşaedici məlumatlar olan məmurları kabinetlərindəcə qandallayır, rüsvayçılıqla paytaxta aparırlar.
Bunu görən digər İH başçıları bir neçə gün səksəkə içində olur, təhlükənin sovuşduğunu görüncə, qaldıqları yerdən davam edirlər. Dayanmaq nədir, tamahı basmaq nədir, dürüst işləmək nədir – elə şey yoxdur.
Bu əməliyyatlar yeni-yeni keçirildiyi vaxtlarda qorxusundan gecəylə böyük fermasının mal-qarasını, qoyun sürülərini etibarlı yerlərə paylaşdıran, satıb-sovan, kabinetini, seyflərini “təmizləyən”, yığdıqlarını yaxşı-yaxşı gizlədən İH başçıları olmuşdu. Ancaq bir həftədən sonra özlərinə gəlmişdilər ki, bu qasırğa onlar üçün deyilmiş. Hazırda yəqin ki, hər qandallanma hadisəsindən sonra səksəkəli günlər bir həftə çəkmir, 1-2 gün çəkir.
Ən ümdəsi odur ki, bu cür hadisələr “makaka” və “piraniya”ların (söhbət korrupsioner məmurlardan gedir) beyninə və doyma hormonlarına heç bir siqnal vermir. Onlar əllərini “koğuş”dan çıxarmır, dişlərini “ət”dən çəkmirlər.
Görünür, korrupsiyaya qarşı mübarizə daha sərt, daha amansız aparılmalıdır. Ölkədəki talançılığın, təsərrüfatsızlığın, dağıntıların əsas səbəbkarı onlardır. 40 günün içində milyonçuya çevrilməyi bacarırlarsa, bu, yüzlərlə sahibkarın, minlərlə sıravi adamların müflisləşməsi, dövlət büdcəsinin talanması hesabına baş verir. Bu, cəmiyyətdə böyük gərginlik, narazılıq yaradır.
Çinin iqtisadi inkişafının 3-4 səbəbindən biri məhz korrupsiyaya qarşı aparılan sərt mübarizədir. Digər səbəblər itqisadi layihələrə lazımi qədər real, “geridönüş” əməliyyatları etmədən yatırım qoymaq, yeni texnologiyalar tətbiq etmək, əhalinin dürüstlüyü və çalışqanlığı ola bilər, amma çinlilərin rüşvət alanın gözünün yaşına baxmamaları fenomenal effekt verməsi danılmaz faktdır.
“Makaka”ların ovuclarındakını əllərindən almaqla iş bitməməlidir, “piraniya”lara da yem atılmamalıdır.






