Hindistan paytaxtı Dehlidə işini davam etdirən süni intellekt sammiti müxtəlif ölkələrin rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Bundan əvvəlki sammit ötən il Parisdə keçirilmişdi. Qlobal Cənubda keçirilən ilk süni intellekt toplantısında 20-dən çox dövlət başçısı, 60 nazir və 500 qlobal süni intellekt lideri iştirak edib.
Qonaqlar arasında Fransa Prezidenti Emmanuel Makron da var. Fransa Prezidentinin Hindistana səfəri sammitdə iştirakla yanaşı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mövzularına da əhatə edib.
Emmanuel Makron baş nazir Narendra Modi ilə görüşdə Fransanın Hindistana qırıcı təyyarələrin satılması mövzusunu müzakirə edib. Söhbət 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcı təyyarəsinin Hindistana satılması perspektivindən gedir.
Bəs 35 milyardlıq “Rafale” müqaviləsi Hindistanı necə dəyişəcək? Dehli Fransa üçün niyə bu qədər vacibdir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, bu Hindistan tarixində ən böyük müdafiə müqaviləsidir:
"Ancaq tərəflər hələ qiymət məsələsində razılığa gəlməlidirlər. Çin və Pakistanla münasibətlərdə gərginlik yaşayan Hindistan dünyanın ən böyük silah idxalçılarından sayılır. Bu mənada Hindistanın hava qüvvələrinin modern təyyarələrə ehtiyacı var.
Fransa Hindistanla informasiya texnologiyaları sahəsində əməkdaşlıq sahələrini də müəyyənləşdirməyə çalışır. Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna diqqət çəkib. O buna misal olaraq dünyanın aparıcı texnologiya şirkətlərinə hindistanlı rəhbərlər başçılıq etdiyini göstərib. Makronun sözlərinə görə, Hindistanın təsiri ABŞ-ın Silikon Vadisindən tutmuş Yelisey çöllərinədək, texnologiya sektorundan mədəniyyət sahəsinədək geniş bir arealı əhatə edir. Fransa Prezidenti sammit çərçivəsində səhiyyə sahəsində tətbiq olunan süni intellektə həsr olunmuş Fransa–Hindistan Süni İntellekt Mərkəzinin açılışında iştirak edib.
Beləliklə, Paris Dehli ilə strateji əlaqələr qurub. Təsadüfi deyil ki, bu, Makronun 2018-ci ildən bəri Hindistana dördüncü rəsmi səfəridir. Fransa Prezidentini bu səfərdə enerji, müdafiə, nəqliyyat, dənizçilik və texnologiya sahələrindən təxminən 30 şirkət rəhbərindən ibarət nümayəndə heyəti ilə iştirak edib".
Politoloq qeyd edib ki, Paris Dehli ilə ittifaq çərçivəsində Hind–Sakit okean strategiyasını gücləndirməyə çalışır:
"Son illərdə ikitərəfli ticarət dövriyyəsinin həcmi 15 milyard avro təşkil edib. Hindistanda 700-ə yaxın Fransa şirkəti fəaliyyət göstərir. Fransa ilə yanaşı Almaniya da Hindistanla strateji tərəfdaşlığı gücləndirməyə çalışır".
Xalidə Gəray
Musavat.com






