Ötən gün bir sıra media orqanlarında Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumatlar yayıldı. Yayılan məlumatda deyilirdi ki, Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək. Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək və sairə. Lakin sonradan bu məlumat təkzib olundu.
Ağdam Rayon İcra Hakimiyyətindən Qafqazinfo-ya bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.
Eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb: “Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur”, deyə Leyla Sarabi bildirib.
Lakin bu məsələni real qiymətləndirənlər də oldu. Əgər Qarabağda həyat şəraitini normallaşdırmaq və orada sabit inkişafı təmin etmək istəyiriksə, əlbəttə ki, müəyyən infrastruktura və investisiyaya ehtiyac var. Məsələn, Ağdamın aktivləşdirilməsi, iş yerlərinin açılması və iqtisadi canlanmanın təşviqi vacibdir. Maşın bazarının fəaliyyətə başlaması da bölgənin hərəkətlənməsinə təsir göstərə bilər. Amma sual yaranır: bu, nə qədər mümkündür?
Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları ekspertlərin rəyini öyrənib.
Hazırladığımız videosüjeti təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






