İranın kəşfiyyat strukturlarına bağlı Azərbaycan dilli “Seher Azeri” televiziya kanalı “Mehdiyev işi” başlanandan dərhal sonra “Yeni Müsavat” Media Qrupunu və media qrupun rəhbəri Rauf Arifoğlunu sistemli şəkildə hədəfə almağa başlayıb.
Paralel olaraq İranın farsdilli qəzetləri və televiziya kanalları da eyni xətti davam etdirərək “Yeni Müsavat” nəşrlərini açıq şəkildə hədəf göstəriblər.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində bu məsələyə toxunub. R.Arifoğlu bildirib ki, Ramiz Mehdiyev işi başlayandan İran mediası Prezident Administrasiyasının sabiq rəhbərinə dəstək verir və “Yeni Müsavat” Media Qrupunu “vurur”:
“TV Müsavatı və musavat.com saytını hədəfə çıxarıb. Davamlı şəkildə bu hücumlar var. Prosesə Əli Kərimli qatılan kimi İran mediası aqressivləşdi. “Səhər Azəri” kanalı İran kəşfiyyatının Azərbaycana yönəlik informasiya təxribatının əsas alətidir, bu alət “qanını qaşığa qoyub” Əli Kərimlini və Cəmil Həsənlini müdafiə edir. Cəmil Həsənliyə söz deyənləri isə təhqir edir. Məsələn, millət vəkili Fazil Mustafa TV Müsavatın efirində dedi ki, “bu işdə təkcə Rusiyanı yox, İrandan gələn izi də araşdırmaq lazımdır. Çünki İranın buradakı agentura şəbəkəsi, Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi təşkilatı bu məsələdə maraqlı mövqe nümayiş etdirir. Əli Kərimli illərdir T.Bağırzadəni müdafiə edir. Ə.Kərimli həbs olunan kimi onlar da içəridən onu dəstəkləyən bəyanat qəbul etdilər”. Dərhal ona qarşı hücuma başladılar, qaralama kampaniyası apardılar. Cəmil Həsənli istintaqa çağırılan kimi Səhər Azəri kanalı mənim əleyhimə kampaniyaya başladı. Hətta gülünc və abırsız şəkildə iddia edr ki, İlham Əliyevin mənə “əməkdar jurnalist” adı verəndə geyindiyim kostyumla 2019-cu ildə Ramiz Mehdiyevin mükafat alarkən geyindiyi kostyumun rəngi eyni olub. Bax, belə absurd və gülünc bir durumla üz-üzəyik”.
R.Arifoğlu bildirib ki, əsas məsələ İranın Azərbaycana yönəlik əsas informasiya kanalının onu və “Yeni Müsavat” Media Qrupuna aid resurslarını hədəfə almasıdır: “Bunu göstərmək istəyirlər. Burdakı gizli agentlərinə, sosial media aparıcılarına kriptomesaj verirlər ki, R.Arifoğlunu və rəhbərlik etdiyi media qrupunu vurun.
Açıqlamanın geniş versiyasını aşağıdakı videoda izləyə bilərsiz.
Musavat.com






