İtaliyanın baş naziri Corcia Meloni xarici dövlət və hökumət başçılarından aldığı bahalı hədiyyələri açıq auksiona çıxarıb.
Musavat.com xəbər verir ki, buna səbəb ölkədə qüvvədə olan antikorrupsiya qanunvericiliyidir. Qanuna əsasən, dövlət məmurları dəyəri 300 avrodan artıq olan hədiyyələri şəxsi mülkiyyət kimi saxlaya bilməz və həmin əşyalar ya dövlətə təhvil verilməli, ya da satışa çıxarılmalıdır.
Məlumata görə, auksiona ümumilikdə 270-dən çox hədiyyə təqdim olunub. Kolleksiyada həm siyasi simvolizm daşıyan, həm də qeyri-adi və ekzotik əşyalar yer alır.
Hədiyyələr arasında Ukrayna prezidenti Vladimir Zelenskidən təqdim edilmiş iPad, Argentina lideri Xavyer Mileidən benzin mişarı formasında heykəlcik, Özbəkistan prezidenti Şavkat Mirziyoyevdən brilyant boyunbağı xüsusi diqqət çəkir.
Auksiona çıxarılan hədiyyələr sırasında həmçinin Macarıstanın baş naziri Viktor Orbandan Herend markalı farfor servisi və altı şüşə şərab, eləcə də Səudiyyəli dizayner tərəfindən hədiyyə edilmiş piton dərisindən hazırlanmış ayaqqabılar yer alıb. Qeyri-adi eksponatlar arasında Pakistandan göndərilmiş düyü kisəsi və CERN-dən təqdim olunmuş kabel parçası da var.
Rəsmi qiymətləndirməyə əsasən, satışa çıxarılan hədiyyələrin ümumi dəyəri təxminən 800 min avro təşkil edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, auksiondan əldə ediləcək bütün vəsait birbaşa İtaliya dövlət büdcəsinə köçürüləcək.
Musavat.com






