"Bu söz- söhbəti məndən xoşları gəlməyən adamlar yayır. Narahat olmayın, elə şey yoxdur".
Bunu Musavat.com-a açıqlamasında "Xilasedici" komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev komandasının "Ordu" ilə matçında hakimləri və rəqib komandanın üzvlərini söyməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib. O, yayılan məlumatları əsassız adlandırıb:
"Elə şeylər yoxdur, mən indi də karate yarışındayam. Boş-boş danışırlar. Texniki məğlubiyyətə gəlincə isə federasiya nə qərar versə, bizim üçün qəbuldur. Mən hakimi və rəqib komandanın üzvlərini söyməmişəm".
Qeyd edək ki, Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun "Ordu" ilə matçında "Xilasedici" komandasına texniki məğlubiyyət verilib.
Prosport.Az-ın xəbərinə görə, buna səbəb "Xilasedici" komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.
Belə ki, hakimlərin "Çelenc"də qərarları "Ordu"nun xeyrinə verməsi Füzuli Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra o, "bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur" ("Ordu" Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – **red.**) deyib rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.
Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus "Ordu" komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona FHN rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız "Xilasedici"yə texniki məğlubiyyət verməklə kifayətlənib.
Qeyd edək ki, Füzuli Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.
Şahanə Rəhimli
Musavat.com






