İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə ilk oxunuşdan keçən qanun layihəsinin İLGİNC detalları

1347 13.02.2026 18:27 Gündəm A A

Milli Məclisin bugünkü, 13 fevral tarixli plenar iclasında müzakirəyə çıxarılaraq ilk oxunuşda qəbul olunan “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi fərqli reaksiyalara səbəb olub.

Musavat.com-un məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən qanunvericilik təşəbbüsü ilə hazırlanıb.

Komitə sədri parlament iclasındakı təqdimat zamanı da “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni qanunvericilik təşəbbüsü qaydasında hazırlayaraq 1-ci oxunuş üçün müzakirəyə təqdim etdiyini bildirib.

Qeyd edib ki, layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş müzakirə olunub və yekdilliklə dəstəklənib:

“Təklif etdiyimiz dəyişikliklər qüvvədə olan qanunun “Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat” adlanan 13-cü maddəsinə aiddir.

Qanunvericiliyə görə, investorun razılığı olmadan investisiyanın alınmasına və milliləşdirilməsinə yol verilmir. Yalnız iki hal istisna təşkil edir. Birinci istisna hal - dövlət ehtiyacları üçün alınmadır, ikincisi rekvizisiyadır.

Xatırlatmaq istərdim ki, rekvizisiya - təbii fəlakətlər, texnoloji qəzalar baş verdikdə cəmiyyətin mənafeləri üçün dəyəri ödənilməklə əmlakın mülkiyyətçidən alınmasıdır.

Təklif etdiyimiz dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya milli maraqlara zidd olan müstəsna halların qarşısını almaq məqsədilə həmin sərmayələrin alınması və ya milliləşdirilməsidir.

Layihənin müddəalarına görə, milliləşdirmə və alınma zamanı ədalətli bazar dəyəri əsasında kompensasiya ödənilir. Ödənişlər xarici sərmayələr üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün sərmayənin yatırıldığı pul vahidində həyata keçirilir. Bu prosesdə investisiya müqaviləsində nəzərdə tutulmuş qaydalara istinad ediləcək”.

9KeK96Tq28JeOQYjmZtaZXVpyAerchTpJr2L2XmB_825.jpg (65 KB)

Azər Əmiraslanov deyib ki, qanuna təklif edilən yeni 13.5 maddəyə əsasən, strateji əhəmiyyətə malik investisiyaların dövlət maraqlarının qorunması naminə milliləşdirilməsi və ya alınması yalnız Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilə bilər:

“Bu, bir tərəfdən hüquqi müəyyənlik və şəffaflıq yaradır, digər tərəfdən də proqnozlaşdırıla bilən sərmayə mühitini formalaşdırır. Beləliklə, təsbit edilmiş hüquqi prosedurlar beynəlxalq arbitraj məhkəmələrində dövlətimizin müdafiə mövqeyini gücləndirmiş olur.

13-cü maddəyə təklif edilən dəyişikliklər mahiyyətcə dövlətin milli və iqtisadi maraqlarının müdafiəsindən, milli və iqtisadi təhlükəsizliyin investor hüquqları ilə uzlaşdırılmasından ibarətdir.

Hörmətli xanım sədr!

Hörmətli həmkarlar!

Təqdim etdiyimiz layihənin mahiyyətinin təhrif olunmuş və kontekstdən çıxarılmış şərhinə yol verilməməsi üçün irəli sürülən qanunvericilik təşəbbüsü ilə bağlı mühüm məqamları vurğulamaq istərdim.

Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan xarici yatırımları təşviq edən, bazar iqtisadiyyatı modelinə əsaslanan ölkə kimi uğurlu inkişaf yolu keçmişdir. İki onillik ərzində ölkəmizə 350 milyard dollar həcmində xarici sərmayə cəlb edilib. Bu əlverişli investisiya mühitinin və onun mühüm göstəricisi olan ictimai-siyasi sabitliyin nəticəsidir.

Cəlb edilmiş sərmayələr sayəsində əsaslı dönüşə və iqtisadi dirçəlişə nail olmuş ölkədə investisiya qanunvericiliyi yalnız və yalnız təkmilləşdirilərək daha münbit şəraiti yaradılmasına xidmət edə bilər”.

Komitə sədri bildirib ki, təqdim edilən layihə də məhz investisiya fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev ABŞ şirkətləri ilə görüşü zamanı qeyd edib ki, sərmayələr istənilən ölkənin inkişafında aparıcı qüvvədir. Hazırda dayanıqlı iqtisadi artımın təmin edilməsi, rəqəmsal iqtisadiyyatın və müasir infrastrukturun qurulması böyük həcmdə sərmayə qoyuluşlarını tələb edir. Dünya miqyasında yüksək işgüzar nüfuza malik amerikan şirkətlərinin potensial investor qismində ölkəmizə səfər etməsi Azərbaycanın etibarlı iqtisadi tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir. Hətta iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın əsas müddəalarından biri sərmayələrin təşviqi və investisiya əməkdaşlığıdır. Bu bir daha təsdiq edir ki, investisiyalar sahəsində “uğur hekayəsi” yazmış Azərbaycan bundan sonra da sərmayələr üçün “yaşıl işıq” yandırmaqda davam edəcək”.

Deputat ardınca vurğulayıb ki, layihədən göründüyü kimi, “Strateji əhəmiyyətə malik investisiyalar” anlayışı ayrıca vurğulanır:

“Bu da səbəbsiz deyil. Bu cür sərmayələr dövlətin nəzarətindən kənarda qaldıqda iqtisadi asılılıq yaradır, mühüm infrastruktur obyektlərinə nəzarət riskini artırır, geosiyasi təsir alətinə çevrilə bilir. Bu baxımdan strateji risklərə qarşı hüquqi müdaxilə mexanizminin olmaması suverenlik üçün təhdidlər yarada bilər. Çünki, strateji sektorlar dövlətin suveren hüquqları ilə bağlıdır. Biz investisiyaları təşviq etməklə, onun üçün hüquqi təminat yaratmaqla yanaşı strateji sahələrdə də milli maraqlarımızı qorumalıyıq.

Xüsusi olaraq vurğulamaq istərdik ki, dünyanın liberal iqtisadiyyata malik olan ölkələrində belə milli təhlükəsizliyin qorunması naminə strateji investisiyalar dövlətin nəzarətindən kənarda deyil. Məsələn, ABŞ-nin Xarici İnvestisiyalar üzrə Komitəsi milli təhlükəsizliyə risk yaradan sərmayələri bloklamaq, ləğv etmək və ya geri qaytarmaq səlahiyyətinə malikdir. Avropa Komissiyası çərçivəsində birbaşa xarici investisiyaların araşdırılması mexanizmi tətbiq olunur. Almaniya və İtaliya da son illər ərzində strateji aktivlərə dövlət nəzarətini gücləndiriblər. Fransada dövlət strateji müəssisələrdə “qızıl səhm” mexanizmini tətbiq edir. Yəni daha az payla strateji qərarlara veto qoymaq hüququna malik olur. Bu nümunələr bir daha təsdiq edir ki, investisiya qanunvericiliyinə təklif etdiyimiz dəyişikliklər beynəlxalq təcrübəni tam nəzərə alır”.

Azər Əmiraslanov deyib ki, strateji əhəmiyyətə malik investisiyalar üçün yaranan təhdid və risklər bir çox hallarda qlobal geosiyasi vəziyyətin doğurduğu təsirlərdən qaynaqlana bilir:

“Son illər qlobal güc mərkəzləri arasında iqtisadiyyatın mühüm sahələrinə nəzarət uğrunda mübarizə və münaqişələr artmaqdadır. Əsasən də enerji və təbii resurslar üzərində nəzarət cəhdləri ciddi qarşıdurma yaradır. Bir sıra hallarda bu açıq hərbi münaqişələrə çevrilmişdir. İri dövlətlər öz mənafeləri naminə gözlənilməz addımlar atır. Qlobal ticarətdə və maliyyə sistemində vahid qaydalar artıq gözlənilmir. Digər dövlətlərin maraq və mənafelərinə təsir edən məhdudlaşdırıcı tədbirlər görülür. Geniş miqyasda iqtisadi və siyasi sanksiyalar tətbiq edilir. Belə bir şəraitdə regionumuz dünyada cərəyan edən qarşıdurma və münaqişələrdən ciddi şəkildə təsirlənməkdədir. Bu vəziyyət iqtisadiyyatı əsasən strateji sektorlardan ibarət olan Azərbaycan üçün müəyyən risklər yarada bilər. Belə ki, mühüm geosiyasi mövqedə yerləşən ölkəmiz zəngin enerji resurslarına və digər təbii qaynaqlara malikdir. Regional və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə veririk. Bütün bunlar milli və iqtisadi təhlükəsizlik baxımından müəyyən risklər yarada bilir.

Müasir dünyada investisiya yalnız iqtisadi kapital deyil. O strateji təsir aləti kimi sistem formalaşdıran ayrı-ayrı sahələrə nəzarət etmək imkanına malikdir. Dövlət mənafeyi sərmayələr üçün münbit şəraitin yaradılmasını tələb etdiyi kimi, yerli və xarici investisiyalar da milli və iqtisadi təhlükəsizlik üçün təhdidlər yaratmamalıdır”.

Komitə sədri qeyd edib ki, əlavə və dəyişikliklər təklif etdiyimiz 13-cü maddə “İnvestisiya fəaliyyətinə dövlət tərəfindən verilən təminatlar” adlanan 3-cü fəsilə aiddir:

“İrəli sürülən təkliflər bu fəslin adına və ruhuna uyğun olaraq sərmayələrin dövlət təminatında olduğunu bir prinsip olaraq nəzərə alır. Qanun layihəsinin müddəalarından göründüyü kimi, strateji investisiyalara münasibətdə dövlət maraqlarının qorunması hallarında belə, investorun hüquqlarının pozulmasına qətiyyən yol verilmir. Bu təminatı verən mövcud investisiya qanunvericiliyidir.

Belə ki, ölkəmizdə sərmayə qoyuluşları hazırda qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” qanunla tənzimlənir və o investorların qorunması baxımından əhəmiyyətli müddəaları özündə birləşdirir. Qanun mülkiyyətin toxunulmazlığını əsas prinsip kimi təsbit edir. Milli və ən əlverişli rejimi təmin edir. Ekspropriasiya halında ədalətli kompensasiya təminatı verilir. Gəlirlərin sərbəst köçürülməsinə hüquqi əsaslar yaradılır. Beynəlxalq arbitraja çıxış imkanları təmin edilir. Dövlət orqanlarının qanunsuz hərəkətlərinə görə məsuliyyət müəyyənləşir. Təklif edilən dəyişikliklər bu maddələri nə ləğv etmir, nə də onun təsir gücünü azaltmır. Əksinə, investisiya qanunvericiliyinin əsas təminatverici normaları və elementləri olduğu kimi saxlanılır.

Layihənin özünün xüsusiyyətlərinə gəldikdə, dövlət müsadirə etmir, milli maraqları qorumaq naminə hüquqi əsaslarla müdaxilə edir və kompensasiya ödəyir. Qeyri-strateji və ya ənənəvi sərmayələrə münasibətdə hər hansı dəyişiklik baş vermir. Strateji aktivlərlə bağlı dövlətin müdaxilə mexanizmi beynəlxalq təcrübəyə uyğun təşkil edilir.

Təklif edilən dəyişikliklər investisiya azadlığını qətiyyən məhdudlaşdırmır, onu yalnız dövlətin mənafeyi və maraqları ilə uzlaşdırır. Dünya təcrübəsində milli təhlükəsizlik, suverenlik hüququ investisiya hüququndan üstün tutulur. Təqdim etdiyimiz layihənin ümumi ruhuna görə investorun hüququ qorunur, eyni zamanda dövlətin mənafeyi prioritet təşkil edir. Bu təşəbbüs investisiya azadlığı ilə milli təhlükəsizlik arasında balansın hüquqi şəkildə müəyyən olunmasına xidmət edir. Yəni investisiya hüququnun klassik toxunulmazlıq prinsipi ilə dövlətin suverenliyi bir-birini tamamlayır.

Qanun layihəsi hansısa sahələr üzrə ümumi və ya sərhədsiz milliləşdirməni nəzərdə tutmur. Yeni normalar müstəsna hallar üçün tətbiq edilir. Milli və iqtisadi təhlükəsizlik üçün risklər yarandıqda bu yeni normalar parlament tərəfindən qəbul ediləcək xüsusi qanunlar əsasında dövlətə preventiv müdaxilə hüququ verəcək”.

Komitə sədri qeyd edilənləri nəzərə alaraq qanunvericilik təşəbbüsü qaydasında “İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif etdiyi dəyişikliklərin 1-ci oxunuşda dəstəklənməsini xahiş edib.

Səsvermədən sonra layihə ilk oxunuşda qəbul olunub.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR