Moskvada tanınmış jurnalist Anna Politkovskayanın xatirəsinə vurulan memorial lövhə artıq dördüncü dəfədir ki, naməlum şəxslər tərəfindən götürülüb və ya məhv edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Son bir həftə ərzində vətəndaş fəalları binanın fasadına kağız və penokartondan hazırlanmış yeni xatirə lövhələri asırlar, lakin hər gün həmin lövhələr yenidən yoxa çıxır. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Məlumata görə, ilk vandalizm aktı yanvarın 18-də baş verib. Həmin gün Politkovskayanın xatirə lövhəsi sındırılıb. Jurnalistin çalışdığı “Novaya qazeta” redaksiyası bəyan edib ki, bu və oxşar hadisələrin arxasında açıq-aşkar neonasist baxışlara malik bir qrup şəxs dayanır.
Qeyd edək ki, Anna Politkovskaya 7 oktyabr 2006-cı ildə yaşadığı binanın – Moskvadakı Lesnaya küçəsində yerləşən evin girişində qətlə yetirilib. Cinayətin icraçıları məhkəmə tərəfindən cəzalandırılsa da, sifarişçilər indiyədək müəyyən edilməyib. 2021-ci ildə isə bu iş üzrə cinayət məsuliyyəti üçün nəzərdə tutulan müddət başa çatıb.
Politkovskaya Rusiyada insan haqları pozuntuları, Çeçenistan müharibəsi və Kremlin sərt siyasəti ilə bağlı kəskin tənqidi yazıları ilə tanınırdı. Onun qətli beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurmuş, lakin hadisənin tam şəkildə açılmaması hələ də ciddi suallar doğurmaqdadır.
Ekspertlər hesab edirlər ki, memorial lövhələrin davamlı şəkildə götürülməsi və ya məhv edilməsi söz azadlığına və jurnalistlərin xatirəsinə qarşı simvolik təzyiq formasıdır. Bu hadisələr Rusiyada müstəqil jurnalistikaya münasibətin real mənzərəsini bir daha ortaya qoyur.
Musavat.com






