Rusiya və ABŞ arasındakı gərginlik fonunda Yaxın Şərqlə bağlı ən bədbin ssenarilərdən biri rəsmən səsləndirilib. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlama ehtimalının kifayət qədər yüksək olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, rusiyalı diplomat Vaşinqtonun regiondakı hərbi gücünü görünməmiş dərəcədə artırdığını vurğulayıb.
Ryabkovun sözlərinə görə, Pentaqonun son həmlələri bölgədəki barıt çəlləyini alışdırmaq üzrədir:
"Yaxın Şərqdə vəziyyət son dərəcə narahatverici görünür. Amerikalılar yenidən bölgəyə nəhəng miqdarda zərbə sistemləri cəmləşdiriblər. Təzyiqlər hər gün artır, güc tətbiqi ilə bağlı təhdidlər intensivləşir. Eyni zamanda İranda daxili siyasi sabitliyi pozmaq cəhdləri davam edir. Belə bir vəziyyətdə yeni hərbi əməliyyatın başlanmasını istisna etmək olmaz".
Regionda "Armada" həyəcanı
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Fars körfəzinə "nəhəng armada" (donanma) göndərilib. Ryabkovun bu açıqlaması Vaşinqtonun İrana verdiyi nüvə ultimatumu ilə eyni vaxta təsadüf edir. Diplomat hesab edir ki, ABŞ-ın bu "qılınc oynatması" yalnız Tehranı qorxutmaq deyil, həm də real hücum planının tərkib hissəsi ola bilər.
Ekspertlər qeyd edirlər ki, Ryabkovun bu çıxışı həm də Moskvadan Vaşinqtona bir xəbərdarlıqdır. Rusiya tərəfi hesab edir ki, İrana qarşı hər hansı hərbi müdaxilə təkcə regionu deyil, bütün dünyanı qlobal bir müharibənin astanasına gətirəcək.
Musavat.com






