Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanla nüvə energetikası sahəsində əməkdaşlıq məsələsinə dair sərt mövqe ortaya qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Moskva uzun illərdir Ermənistan üçün atom energetikası sahəsində etibarlı tərəfdaş olaraq çıxış etdiyini və stansiyanın istismarı və texniki xidməti istiqamətində ardıcıl dəstək göstərdiyini bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər atom elektrik stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzərində birgə işləyirlər. Zaxarova vurğulayıb ki, enerji təhlükəsizliyi mövzusu məsuliyyətsiz yanaşma tələb etmir və bu cür məsələlər “bu gün elan edib, sabah maliyyə toplamaq, o biri gün təməl qoymaq, sonra isə yarımçıq buraxmaq” kimi yanaşmalarla həll edilə bilməz.
Rusiya rəsmisi qeyd edib ki, söhbət təkcə iqtisadi layihədən yox, bütövlükdə regionun enerji təhlükəsizliyindən gedir. O, Ermənistan xalqına göstərilən yardımları, enerji təchizatının sosial əhəmiyyətini və insanların minimum yaşayış şəraitinin təmin olunmasının vacibliyini xatırladaraq, bu məsələlərin siyasi şüarlara qurban verilməməli olduğunu bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiya kiçik güclü atom elektrik stansiyalarından istifadə edən yeganə ölkədir və tərəfdaşlarına bu sahədə sınaqdan çıxmış həllər təklif edib. O əlavə edib ki, regionun enerji təhlükəsizliyi ayrı-ayrı dövlətlərin daxili qərarı kimi deyil, ümumi maraqlar prizmasından qiymətləndirilməlidir.
Beləliklə, Moskva açıq şəkildə mesaj verir ki, Cənubi Qafqazda enerji layihələri yalnız texniki və iqtisadi məsələ deyil, həm də strateji və geosiyasi əhəmiyyət daşıyan amildir.
Musavat.com






