İyunun 4-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Ermənistana 2 vaqon gübrə, 2 vaqon buğda göndərilib. Amma maraqlıdır ki, Ermənistan məhsullarının idxalına embarqo davam edir. Hazırda “Cermuk” mineral suları, çiyələk, gül, spirtli içki məhsullarının Rusiyaya idxalına qadağa qoyulub. Moskva İrəvanı seçkiqabağı sıxışdırır və iqtisadi basqılarla erməni cəmiyyətini Paşinyan hakimiyyətinin üzərinə qaldırmağa çalışır. Eyni zamanda, ondan Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi arasında seçim etməsini qarşısına şərt qoyur.

Elə isə nədən Rusiya Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə tədarük göndərir? Kreml “Bu nə pəhriz, bu nə turşu” siyasəti ilə nə demək istəyir? Moskvanın yeni “qamçı və kökə” siyasətinin anlamı nədir?
Professor Elxan Mirzəyevin fikrincə, Rusiya ikibaşlı siyasət yürüdür. Onun sözlərinə görə, ermənilərə buğda və gübrə göndərib, sonra onların məhsullarının idxalına qadağa qoymaq anlaşılmazdır: "Rusiya bu minvalla ermənilərin qəlbini fəth edə bilməz. İkinci Qarabağ müharibəsindən sonra ermənilər ruslardan üz döndərib və nifrət edirlər. Bu münasibət ildən-ilə dərinləşir. Təbii ki, iqtidarın təbliğatı da böyük rol oynayır. Ona görə gübrə və taxıl göndərmək, ardınca iqtisadi basqılar etməyin özü də məntiqə sığmır. Rusiya gah demək istəyir ki, Ermənistana tədarük davam edir, ticarət dövriyyəsində fasilə yoxdur. Amma o bir tərəfdən ermənilərin Rusiya bazarlarına məhsul çıxarmasına şərait yaratmır. Bununla hesablayır ki, xalq hökumətə üsyan edə bilər. Məncə, Rusiyanın son çırpıntıları əbəsdir və nəticəsi olmayacaq".
Professor hesab edir ki, Rusiya aciz vəziyyətdir: "Moskva rəsmiləri erməniləri "qardaş xalq" adlandırır, sonra qardaş dediyi o xalqın iqtisadi vəziyyətini ağırlaşdırır. Bu azmış kimi, qardaş adlandırdığı xalqın seçiminə hörmətlə yanaşmır. Ermənilər Paşinyanı seçirsə, Kreml niyə müdaxilə etməlidir?"
E. Mirzəyevin fikrincə, Rusiya seçkilərdən sonra yenə də Ermənistana bu məhsulların tədarükünü davam etdirəcək, lakin idxal qadağasını genişləndirəcək: "Rusiya bununla cəzalandırmaq istəyir. Deyir ki, ondan uzaqlaşmağın bədəli iqtisadi şəraitin pisləşməsidir. Bu da erməni cəmiyyətini ayağa qaldırmağa hesablanıb. Xalqa göz dağı vermək istəyirlər ki, yəno hökumət səhv addım atır, Qərbə inteqrasiya və Rusiyadan qopmanın cəzası budur. Amma ət sümükdən ayrılanda necə ağrı verirsə, Ermənistanın Rusiyadan uzaqlaşması da belə ağrılı proses olmalıdır".
Emil Salamoğlu
Musavat.com






