"BaBaLa TV"nin qurucusu Oğuzhan Uğur Ahbap Dərnəyinə yönəlik istintaq çərçivəsində saxlanıldıqdan sonra polisə ilk ifadəsini verib.
Musavat.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, O.Uğur ittihamları qəbul etməyib və Ahbap Dərnəyi ilə hər hansı maliyyə əlaqəsinin olmadığını bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin fevral zəlzələləri zamanı Ahbap, AFAD və Qızıl Aypara (Kızılay) üçün yalnız təsdiqlənmiş hesab nömrələrini paylaşıblar:
"Paylaşdığımız pul deyil, məlumat idi."
O.Uğur bildirib ki, Ahbapın maliyyə fəaliyyəti, toplanan ianələrin həcmi və həmin vəsaitlərin necə xərclənməsi barədə heç bir məlumata malik olmayıb. O deyib ki, canlı yayımlar zamanı ianə etmək istəyən şəxslərin bildirdiyi məbləğləri sadəcə qeydə alıblar:
"Təxminən Ahbap, AFAD və Kızılaya 60 milyon lirə ianə ediləcəyini hesablamışdıq. Lakin bu rəqəm bizə zəng edən insanların dedikləri məbləğlər əsasında aparılmış təxmini hesablamadır. Həqiqətən həmin vəsaitlərin köçürülüb-köçürülmədiyini bilməyimiz mümkün deyil."
O.Uğur ifadəsində zəlzələdən sonra Haluk Leventin dəvəti ilə Hataya getdiyini, bölgədə yalnız yardım işlərini işıqlandırdığını və məlumat ötürdüyünü deyib.
O, Ahbap rəhbərliyindən Haluk Leventdən başqa heç kimi tanımadığını, 7 fevral 2023-cü ildən sonra isə Haluk Leventlə bir daha üz-üzə görüşmədiyini bildirib.
İfadədə O.Uğura şirkətlərinin maliyyə əməliyyatları da təqdim olunub. O, Gain Media ilə təxminən 30 milyon lirəlik proqram müqaviləsi bağladıqlarını, həmin gəlirlə kredit hesabına ev aldıqlarını deyib.
Həmçinin Babala TV hesabından avtomobil alınması üçün köçürülən 9,7 milyon lirə ilə bağlı sualları cavablandıran Uğur bildirib ki, bank əməliyyatı iki dəfə geri qaytardığı üçün eyni köçürmə üç dəfə həyata keçirilib və bu səbəbdən süni şəkildə 30 milyon lirəlik dövriyyə görüntüsü yaranıb.
"Bu, 30 milyon lirəlik əməliyyat deyil. Ümumi məbləğ 9 milyon 700 min lirədir və burada cinayət tərkibli hər hansı vəsait yoxdur."
O.Uğur şirkət və şəxsi hesabları üzrə bütün pul hərəkətlərinin kommersiya fəaliyyəti ilə bağlı olduğunu, bunların Ahbap Dərnəyi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Sonda o, bütün ittihamları rədd edib, dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və cinayətkar təşkilatla əlaqəsi olması barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Onun vəkilləri isə axtarış və götürülən elektron daşıyıcılarla bağlı prosessual pozuntuların olduğunu iddia edərək, Oğuzhan Uğurun azadlığa buraxılmasını və barəsində cinayət təqibinə xitam verilməsini tələb ediblər.
Könül
Musavat.com






