İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yamal Messi olmayacaq” - İspaniyanın uğur sirri və Azərbaycan futbolunun əsas problemi açıqlandı

1030 20.07.2026 12:29 İdman A A

Artıq geridə qoyduğumuz 2026-cı il dünya çempionatı təkcə yeni qalibin müəyyənləşdiyi turnir olmadı. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundial futbolun gələcəyinə dair bütün təsəvvürləri dəyişdirən, bir dövrü bağlayıb yeni eranın qapılarını açan turnir kimi tarixə düşdü. İspaniyanın finalda Lionel Messinin liderlik etdiyi son dünya çempionu Argentinanı əzici üstünlüklə məğlub etməsi sadəcə kubokun sahibini dəyişmədi. Bu nəticə dünya futbolunda güc balansının, futbol fəlsəfəsinin və ulduz anlayışının da yenidən formalaşdığını göstərdi. 19 yaşlı Lamin Yamalın parlaq çıxışı fonunda “Messi dövrü bitdi, Yamal erası başladı” fikri artıq emosional şüar yox, futbol reallığı kimi qəbul edilir.

lTh5jMVVdIGAYOZEJayIg0AtgOsCFqZE6QQpTnJy_1200.jpg (232 KB)

İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək ikinci dünya çempionluğunu qazandı və bu qələbə nəsil dəyişikliyinin ən simvolik anlarından biri oldu. Ancaq bu uğurun arxasında təkcə Yamal fenomeni dayanmır. Luis de la Fuentenin rəhbərliyi altında qurulan sistem, illərlə eyni futbol fəlsəfəsinə sadiq qalan akademiyalar, cəsarətli gəncləşmə siyasəti və kollektiv oyuna əsaslanan model İspaniyanı son 20 ilin ən sabit futbol layihəsinə çevirdi. Avropa çempionluğundan sonra dünya çempionluğunu da qazanmaq təsadüf deyil, uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Bu gün futbolun xəritəsini artıq fərdi dahilikdən daha çox, sistemli inkişaf proqramları müəyyənləşdirir və İspaniya bunun ən uğurlu nümunəsini təqdim edir.

6IoY4Iu2x95qz2RcM4iXsIrVawRHRhFR7W9uLUVk_1200.jpg (192 KB)

İspaniyanın bu modeli dünya futbolunda hansı yeni tendensiyaların başlanğıcı olacaq? Messi sonrası dövrdə futbolun yeni lideri həqiqətən Lamin Yamaldırmı? Argentinanın məğlubiyyəti Cənubi Amerika futbolu üçün hansı mesajları verdi? Ən əsası, illərdir inkişaf modeli axtaran Azərbaycan futbolu İspaniyanın uğur formulundan hansı dərsləri çıxarmalıdır?

MUXTAR.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında öncəliklə final oyununa toxundu:

“DÇ-2026-da İspaniyanın nümayiş etdirdiyi oyun heyrətamiz idi. Bu, indinin yox, 20-30 il sonranın oyunudur. DÇ-2026-dan sonra az qala bütün dünya ölkələrini bir sual düşündürür: İspaniyanın qarşısını necə almalı? Amma düşünmürəm ki, DÇ-dəki qələbə İspaniyada bütövlükdə hansısa sistemin uğurudur. Yox, bu, bir klubun uğurudur, “Barselona”nın. Biz ABŞ-də “Barselona” oyun sistemini gördük. İspaniya uzun illərdir ki, “Barselona” oyun sisteminə güvənir. Heyətdəki futbolçuların 90 faizi “Barselona” yetirməsidirsə, “Real”dan bircə futbolçu da yoxdursa, hər şey aydındır. İspaniya 2008-də Avropa, 2010-da dünya, 2012-də yenidən Avropa çempionu olarkən də “Barselona” oyun sisteminə güvənmişdi. Ondan sonra “Barselona”da nəsil dəyişməsi baş verdi, İspaniyanın da nəticələri zəiflədi. İndi “Barselona”da yeni istedadlı nəsil formalaşıb və İspaniyanın da uğurları gəlir. Yəni İspaniya yığması əslində “Barselona”dır. Həm heyət, həm də oyun sistemi baxımından. Güman ki, növbəti nəsil dəyişməsinə qədər İspaniya bütün turnirlərin favoriti olacaq. Əslində bu komandanın heyətində xüsusi lider yoxdur. Hər kəs Lamin Yamaldan danışır. Amma Yamal bu mundialda nə ilə yadda qaldı? Xüsusi heç nə ilə. Ona görə də, Yamalı Messi ilə müqayisə etməyək. Yamal heç vaxt Messi olmayacaq. Amma ondan Messi düzəltməyə çalışacaqlar. Və həm də bir Ronaldo çıxaracaqlar ortaya. Niyə? Çünki futbol artıq biznesdir. Bu biznesin inkişaf etməsi üçün futbola daim Messi-Ronaldo rəqabəti lazım olacaq. Artıq Messi və Ronaldo yoxdur. Deməli, deyək ki, Yamal və Mbappe rəqabəti yaratmaq lazımdır. Təbliğat bunun üzərində qurulacaq. “Qızıl top” hər il onlardan birinə veriləcək. Beləcə futbolun kommersiya yönü də təminat altında olacaq”.

e7q0rPJ8v3pub62Z2CVIBPb1bCxGW9XIYbfj29K3_1200.jpg (163 KB)

N.Muxtarlı əsas sualımıza da cavab verdi:

“Azərbaycan İspaniyadan hansı nümunəni götürə bilər? Bizim “Barselona”mız var. “Qarabağ” uzun müddətdir ki, oyununu “Barselona” sisteminə uyğun qurduğu üçün Avropada uğurlu olub. Amma fərq ondadır ki, bizdə “Barselona” kimi oynamaq istəyən komanda var, amma “Barselona”nın akademiyası yoxdur. Qurban Qurbanov bu sistemə uyğun gələn futbolçuları xaricdən tapıb gətirir. Yerli futbolçu isə yoxdur. Niyə yoxdur? Çünki bizdə uşaq futbolu yoxdur. İnfrastruktur, kadr yoxdur. Biz futbolçu yetişdirməklə məşğul olmuruq. AFFA İspaniyadan nümunə götürmək istəyirsə, ilk növbədə ölkədə futbolçu yetişdirilməsinə sərmayə qoymalıdır. Əvvəlcə futbolçunu yetişdirək, ondan sonra onları sistemə uyğunlaşdırmaq və uğur qazanmaq asan olacaq. Amma yenə də deyirəm, əvvəlcə futbolçu yetişdirmək lazımdır. Təəssüf ki, Azərbaycanda bu işlə heç kim məşğul olmur”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR