Braziliyalı Norberto B. Vorobeyzik 78 yaşında süni intellekt sahəsində qazandığı biliklər sayəsində beynəlxalq texnologiya şirkətində kommersiya direktoru vəzifəsinə yüksəlib. Onun həyat hekayəsi yaşın yeni peşə öyrənmək və karyerada uğur qazanmaq üçün maneə olmadığını bir daha nümayiş etdirib.
Musavat.com xəbər verir ki, 56 yaşında sərxoş sürücünün səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində müvəqqəti iflic keçirən Vorobeyzikin həyatı tamamilə dəyişib. Uzunmüddətli müalicə və reabilitasiya dövründən sonra o, sağlamlığını bərpa edib, zərərli vərdişlərdən imtina edərək idmanla məşğul olmağa başlayıb.
Sağlamlığına qovuşduqdan sonra texnologiya sahəsinə maraq göstərən Vorobeyzik onlayn kurslar və təlim videoları vasitəsilə süni intellekt üzrə biliklərini inkişaf etdirib. Qısa müddətdə əldə etdiyi təcrübə Argentinanın rəqəmsal transformasiya və avtomatlaşdırma sahəsində fəaliyyət göstərən B.live şirkətinin diqqətini cəlb edib və o, şirkətin kommersiya direktoru təyin olunub.
Vorobeyzik süni intellekti bəşəriyyət tarixindəki ən böyük texnoloji dönüş nöqtələrindən biri kimi qiymətləndirərək, onun təsirinin hətta insanların odun kəşfindən sonra yaşanan dəyişikliklərdən də böyük olduğunu bildirib.
Yaşlı insanların iş dünyasında mühüm üstünlüklərə malik olduğunu deyən Vorobeyzik, həyat təcrübəsi, empatiya və güclü ünsiyyət bacarıqlarının rəqəmsal dövrdə daha da dəyər qazandığını vurğulayıb.
Onun sözlərinə görə, ilk dəfədir ki, yaşlı nəsil məhz bu keyfiyyətlərinə görə əmək bazarında ən çox axtarılan insanlar sırasına daxil ola bilər.
78 yaşlı direktor hesab edir ki, süni intellektdən çəkinən insanların əsas problemi texnologiya deyil, dəyişiklik qorxusudur. O bildirib ki, daim öyrənmək hər yaşda mümkündür və bunun üçün ilk növbədə köhnə düşüncə tərzindən imtina etmək lazımdır.
Vorobeyzik süni intellektin keçici trend deyil, hər kəsin həyatına inteqrasiya etməli olduğu yeni reallıq olduğunu vurğulayaraq insanları öyrənməyə davam etməyə çağırıb.
Musavat.com






