Almaniyanın Münhen şəhərində yerləşən Lüdviq Maksimilian Universitetinin alimləri musiqi zövqü ilə insanın koqnitiv qabiliyyətləri arasında əlaqəni araşdırıb.
Musavat.com xəbər verir ki, beş ay davam edən tədqiqat çərçivəsində 185 könüllünün smartfonlarına xüsusi proqramlar quraşdırılıb və onların dinlədiyi bütün mahnılar analiz edilib.
Araşdırma müddətində iştirakçılar ümumilikdə 58 mindən çox kompozisiya dinləyib. Nəticələr göstərib ki, daha yüksək koqnitiv göstəricilərə malik şəxslər əsasən melankolik və düşüncəyə sövq edən musiqilərə üstünlük verirlər. Eyni zamanda, mahnı sözlərində indiki ana fokuslanan məzmunla da müəyyən əlaqə aşkarlanıb.
Bunun əksinə olaraq, sosial və qeyri-müəyyən leksikanın üstünlük təşkil etdiyi bəzi mahnıların daha aşağı koqnitiv göstəricilərlə əlaqəli olduğu bildirilib. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu xüsusiyyətlər müasir rep janrında tez-tez müşahidə olunur.
Alimlər xüsusilə vurğulayır ki, bu nəticələr rep musiqisinin insanı daha az ağıllı etdiyini göstərmir. Söhbət yalnız statistik uyğunluqdan gedir – yəni müəyyən düşüncə tərzinə sahib insanlar bəzi musiqi janrlarına, o cümlədən repə daha çox meyl göstərə bilər.
Musavat.com






