İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvana maneəsiz KEÇİD, amma NƏZARƏT Ermənistanda?

995 23.01.2026 15:47 Region A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə müxalif deputat Kristine Vardanyanın sualını cavablandırarkən Zəngəzur marşrutu ətrafında diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, nazir Ermənistanın razılığı olmadan nə Azərbaycan, nə də hər hansı digər xarici şirkətin Zəngəzur marşrutunun icrasında iştirak edə bilməyəcəyini bəyan edib.

Onun sözlərinə görə, bu cür qərarlar yalnız və yalnız İrəvanın razılığı ilə qəbul oluna bilər. O, mövqeyini əsaslandırmaq üçün Vaşinqtonda Zəngəzur marşrutu ilə bağlı verilmiş bəyanata istinad edərək bildirib ki, sənəddə prinsipial məsələlər üzrə bütün qərarların Ermənistanın tam nəzarətində qalacağı açıq şəkildə qeyd olunub.

Yada salaq ki, ötən ilin avqustunda Ağ Evdə İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imza atdığı birgə bəyannamədə Azərbaycandan-Azərbaycana (Naxçıvana) maneəsiz keçid nəzərdə tutulur. Bir neçə gün öncə Nikol Paşinyan belə bir öhdəliyin götürüldüyünü bir daha təsdiqləyib. O zaman Mirzoyan nə demək istəyir bununla? Naxçıvana maneəsiz keçid, amma nəzarət Ermənistanda?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, ötən ilin avqust ayında həqiqətən Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış birgə bəyanatda Azərbaycanın ərazisindən Naxçıvana keçidin maneəsiz həyata keçirilməsinin təmin olunacağı açıq şəkildə nəzərdə tutulub:

“Bu öhdəlik, əslində, Azərbaycan üçün logistika və sərbəst hərəkət hüququ təmin edir, yəni Azərbaycan vətəndaşları, yük və nəqliyyat vasitələri Naxçıvana fasiləsiz və təhlükəsiz çatdırıla bilər. Bu baxımdan imzalanmış bəyannamə tranzit hüququnu təmin edən praktik mexanizm kimi qiymətləndirilə bilər.

Ararat Mirzoyanın açıqlamasında isə marşrutun Ermənistanın nəzarəti altında olması prinsipi vurğulanır. Burada nəzərdə tutulan nəzarət həm marşrutun idarə edilməsi, sərhəd rejimi, həm də təhlükəsizlik məsələləri, eləcə də xarici şirkətlərin fəaliyyəti ilə bağlıdır. Bu iki aspekt, yəni maneəsiz keçid və nəzarət – bir-birinə zidd kimi görünsə də, əslində, hər biri fərqli hüquqi və praktiki səviyyəni əhatə edir. Maneəsiz keçid Azərbaycan üçün konkret tranzit imkanı yaradır və yük daşımalarının fasiləsizliyini təmin edir. Nəzarət isə Ermənistan üçün marşrutun işləməsi və xarici aktorların iştirakına dair qərarvermə səlahiyyətlərini göstərir.Praktik nəticə olaraq, Azərbaycanın Naxçıvana maneəsiz keçidi və Ermənistanın nəzarəti paralel olaraq təmin edilir. Bu yanaşma həm tərəflərin maraqlarını balanslaşdırır, həm də potensial hüquqi və siyasi gərginliklərin qarşısını alır.

Ümumiyyətlə isə Zəngəzur dəhlizi - Tramp marşrutu üzərində söz sahibi artıq faktiki olaraq ABŞ-dir. Bunu ABŞ və Ermənistan arasında TRİPP layihəsi ilə bağlı imzalanmış çərçivə sənədindəki pay bölgüsü də sübut edir. Odur ki, Mirzoyanın bu istiqamətdə açıqlamaları elə də önəmli deyil”.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR