Ekspert bildirir ki, neftin qiymətinin ucuzlaşmasının büdcəyə dolayı təsirləri hökumətin hazırladığı ortamüddətli büdcədə açıq görünür
Dünya bazarında neftin orta illik qiymətinin 10 ABŞ dolları aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə birbaşa cəmi 250-300 milyon manat təsir edə bilər.
Bunu deputat Heydər Əsədov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. Onun sözlərinə görə, gələn il neft-qaz sektorundan büdcəyə daxilolmalar 16,4 milyard manat proqnozlaşdırılır, bunun da 12,8 milyard manatı Azərbaycan Dövlət Neft Fondunun transfertidir: “Yəni neftin 1 və yaxud 100 ABŞ dollarına satılmasından asılı olmayaraq, bu transfert məcburidir və mütləq büdcəyə ödəniləcək. Beləliklə, neftin qiymətinin dəyişməsi yalnız yerdə qalan 3,6 milyard manata təsir edə bilər. Bu da ki, təbii ki, SOCAR və məlum yataqların mənfəət vergisindən daxilolmalardır”.
Deputat əlavə edib ki, neftin 10 dollar ucuzlaşmasından itirilən məbləğ büdcənin xərclərinin cəmi 0,6-0,7 faizini təşkil edəcək: “Təbii ki, bu, büdcədə heç bir problem yarada bilməz. Neftin qiyməti onun birbaşa büdcənin gəlir-xərcləri kontekstində deyil, ARDNF-nin aktivlərinə və onun dayanıqlığına təsiri aspektində daha çox müzakirə olunmalıdır”.

İqtisadçı ekspert Xalid Kərimli isə Azərtac-a bildirib ki, Maliyyə Nazirliyinin hesablamasına görə, neftin ortalama qiymətinin 10 dollar artmasının ümumi icmal gəlirlərimizə 2,2 milyard manat müsbət təsiri, 10 dollar orta neft qiymətinin aşağı olmasının isə Azərbaycana 2,2 milyard mənfi zərəri var. O qeyd edib ki, bunun təxminən 1,8 milyard manatı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri ilə, 400 milyon manatı isə birbaşa büdcənin gəlirləri ilə bağlıdır: “Təbii ki, arzuolunandır ki, neft qiymətləri yüksək olsun və ölkənin milli sərvəti daha baha qiymətə satılsın. Neft qiymətləri nə qədər yüksək olarsa, ölkəmiz üçün bir o qədər yaxşı hal hesab olunur. Amma dünya bazarında şərtlər var və indiki qiymətlər də təqribən 65 dollar səviyyəsindədir ki, bu da yaxşı qiymət hesab olunur. Baxmayaraq ki, bu rəqəm ötənilki və 2023-cü ilin qiymətlərindən azdır. Proqnozlara görə, gələn il bu qiymətlərin də təqribən 5-10 dollar da aşağı düşəcəyi gözlənilir”.
X.Kərimli vurğulayıb ki, neftdən gələn valyuta vəsaitləri artdıqca ARDNF-yə vəsait toplanır və bu vəsaitlərin müəyyən qədəri hər il büdcəyə transfer olunur: “Məsələn, gələn il büdcəyə ARDNF-dən birbaşa 12,4 milyard manata qədər vəsait cəlb olunacaq. Neft qiymətləri aşağı düşdükcə isə fonddan məxaric olunan pullarla mədaxil olunan pullar arasındakı fərq artır və bu, fondun büdcəsinə zərər təsir edərək onun azalması ilə nəticələnə bilər. Ancaq bu il ARDNF-nin gəlirləri artıb və bunun da əsas səbəbi qızıl ehtiyatlarının artmasıdır. Həmçinin digər valyutaların dollara görə bahalaşması və fondun digər valyutalardakı investisiyalarının dəyərinin artması da gəlirlərə müsbət təsir edib”.
Qeyd edək ki, Maliyyə Nazirliyi 2024-cü ilin iyulunda hesablama apararaq bəyan etmişdi ki, neftin qiymətinin büdcədə nəzərdə tutulandan 10 dollar fərqli olması icmal büdcəyə 800 milyon manatlıq təsirə malikdir: qiymət 10 dollar baha olarsa, ilin sonuna icmal büdcənin gəlirlərində proqnozdan artıq 800 milyon manat gəlir olacaq; 10 dollar aşağı satılsa, 800 milyon manat az gəlir əldə ediləcək. Bu gəlir-zərərin 700 milyon manatı Dövlət Neft Fondunun, 100 milyon manatı isə bilavasitə dövlət büdcəsinin payıdır.
Rəsmi məlumata əsasən, 2024-cü ildə “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 84 ABŞ dolları təşkil edib. Ötən il gömrük bəyannamələrinə əsasən, Azərbaycan 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, Azərbaycandan ixrac edilən xam neftin dəyəri 14 milyard 437 milyon 355,99 min ABŞ dolları təşkil edib.
Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2024-cü ildə dövlət büdcəsinə neft sektorundan birbaşa daxilolmalar formasında “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi şəklində 665 milyon manat daxil olub.
Daha 1 milyard 774,5 milyon manat isə SOCAR-ın büdcəyə ödədiyi vergilərdir. Bunun 450 milyon manatı şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi, qalanı “Şahdəniz” layihəsindən qaz və kondensat satışından ödənilən mənfəət vergisidir.
Beləliklə, ötən il 23,6 milyon neft 1 barel üçün 84 dollarlıq qiymətlə satılıb və dövlət büdcəsi ən böyük ixrac mənbəyi olan AÇG-dən ümumilikdə bundan 1 milyard 115 milyon manat mənfəət vergisi gəliri əldə edib.
Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin 9 ayında dövlət büdcəsinin neft-qaz vergi gəlirlərik 8.3 faiz azalıb. Qeyd olunan dövrdə bu gəlirlər 3,3 milyard manat olub ki, bu da 2024-cü ilin eyni dövründəkindən 300 milyon manat azdır. Bu dövrdə AÇG-dən mənfəət vergisi şəklində büdcəyə 248,8 milyon manat, “Şahdəniz”dən 1 milyard 748,4 milyon manat, SOCAR-dan isə 1 milyard 291,6 milyon manat daxil olub. Ötən ilin eyni dövründə büdcə AÇG-dən büdcəyə 558 milyon manat, “Şahdəniz”dən 1 milyard 729,7 milyon manat, SOCAR-dan isə 1 milyard 333,1 milyon manat vergi gəliri əldə etmişdi.
Proqnozlara görə, 2025-ci ildə ölkə üzrə neft hasilatı 28,6 milyon tondan 2026-cı ildə 27,6 milyon tona, 2027-ci ildə 27,1 milyon tona, 2028-ci ildə isə 26,6 milyon tona kimi azalacaq. Buna müvafiq olaraq, neftin 65 dollarlıq orta qiyməti şəraitində 2025-ci ildə dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmalar 18 milyard 311 milyon manat, 2026-cı ildə 16 milyard 435 milyon manat, 2027-ci ildə 15 milyard 250 milyon manat, 2028-ci ildə 14 milyard 305 milyon manat, 2029-cu ildə isə 13 milyard 480 milyon manat təşkil edəcək.

Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, neftin qiymətinin azalmasının iqtisadiyyata təsirlərini qiymətləndirərkən müxtəlif yanaşmalar ortaya qoymaq mümkündür: “Fiskal planlama baxımından qısamüddətli dövrdə neftin qiymətinin aşağı düşməsi növbəti il üçün büdcənin icrasında problem yaratmaya bilər. Çünki bu qiymət azalmasının təsirləri məhduddur: onlar yalnız vergi gəlirlərinin azalması ilə məhdudlaşır. Lakin biz məsələyə orta və uzunmüddətli dövrdə baxırıqsa, neftin ucuzlaşması ölkənin strateji yığım imkanlarını məhdudlaşdırır, yəni hovuzun daralmasına - Neft Fondunun aktivlərinin azalmasına gətirib çıxarır. Aktivlərin azalması isə bu və ya digər şəkildə Fonddan dövlət büdcəsinə transfertlərin azalmasına gətirib çıxarır. Yəni əslində orta və uzunmüddətli dövrdə neftin qiyməti ilə dövlət büdcəsinin gəlirlər hissəsi və dolayısı ilə kəsirin idarə olunması kontekstində xərclərin azalması təsirləndiyi aydındır. Burada, sadədə, qısamüddətli və orta-uzunmüddətli təsirləri bir-birindən ayırmaq lazımdır”.
Ekspert bildirir ki, neft qiymətinin ucuzlaşmasının büdcəyə dolayı təsirləri Azərbaycan hökumətinin hazırladığı ortamüddətli büdcə çərçivəsi sənədində açıq görünür: “Hökumət həmin təsirlər barədə çərçivə sənədində öz siyasətini açıqlayarkən kifayət qədər işarələr verib. Həmin sənəddə növbəti 5 il ərzində neft-qaz hasilatı, ixracı, həmçinin onlardan əldə ediləcək gəlirlərin azalması proqnozlaşdırılır. Bu fonda dövlət büdcəsinin neft gəlirlərinin də azalması gözlənilir. Azalma illər üzrə çərçivə sənədində konkret məbləğlərlə ifadə olunub. Eyni zamanda neft-qaz gəlirlərindəki azalmanın qeyri-neft resursları hesabına kompensasiya olunması imkanlarının məhdudluğu da büdcə parametrlərində əksini tapır. 2026-cı ildə büdcə xərcləri 41,7 milyard manat proqnozlaşdırıldığı halda, 2029-cu ildə bu göstərici 43,8 milyard manat həddində gözlənilir. Yəni hökumət büdcə xərcləmələrində 4 ildə cəmi 2 milyard manatlıq artım gözləyir. Bu, əslində büdcənin əhəmiyyətli şəkildə azalması deməkdir. Çünki biz nominal göstəriciləri görürük. Real ifadədə isə büdcənin alıcılıq qabiliyyəti kəskin şəkildə azalmış olacaq. Biz bu azalmanı iqtisadiyyatın bütün sahələrində görəcəyik. Birincisi, mövcud iqtisadi model daha çox dövlət istehlakı əsasında qurulmuş bir modeldir. İqtisadi sifarişlərin əhəmiyyətli bir hissəsi dövlət sifarişləri hesabına həyata keçirilir. Bu mənbələrin daralması bir çox iqtisadi subyektlərin fəaliyyətinin davamlılığı ilə bağlı problemlər yaradacaq. Hökumətin sosial paketlərin davamlılığı ilə bağlı siyasətinə təhdidlər formalaşacaq. Biz 2015-2016-cı illərdə belə bir təcrübəni yaşamışıq: o zaman sosial dəstək proqramlarının əhatə dairəsi kəskin məhdudlaşdırıldı. Belə hallarda yürüdülən siyasət ailələrin büdcəsində ciddi azalmaya gətirib çıxarır. Yəni bütün bunları ümumiləşdirsək, neftin qiymətinin azalması iqtisadiyyatın bütün sektorlarına, bütün qrupların gəlirlərinə mənfi istiqamətdə ciddi təsir göstərir”.
Dünya SAKİT,
“Yeni Müsavat”






