İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə planı Moskvanı niyə təşvişə salıb? 

544 13.02.2026 18:14 Dünya A A

ABŞ-nin Ermənistanda nüvə layihəsi ilə bağlı planları Rusiyada açıq narahatlıq və təhlükə ritorikasını yenidən gündəmə gətirib.

Musavat.com-un xəbərinə görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, ABŞ texnologiyası ilə Ermənistanda reaktor tikintisi praktik mərhələyə keçərsə, Rusiya və region ölkələri bunu yeni nüvə təhlükəsizlik riskləri kimi nəzərə almağa məcbur olacaq.

Şoyqu qeyd edib ki, Ermənistan seysmik baxımdan riskli zonadır və sovet mühəndislərinin vaxtilə Ermənistan AES-i üçün tətbiq etdiyi xüsusi texniki həll 1988-ci il zəlzələsi zamanı stansiyanın dayanıqlığını təmin etmişdi. Onun sözlərinə görə, ABŞ texnologiyası ilə həyata keçiriləcək yeni layihə regionda əlavə təhlükə yarada bilər.

Rusiyalı rəsmilərin fikrincə, belə layihə həyata keçirilərsə, yaxınlıqda seysmik zonada ABŞ-nin nüvə texnologiyaları üzrə “eksperimentləri” aparılmış olacaq. Şoyqu bunu birbaşa təhlükə kimi qiymətləndirib və misal olaraq Yaponiyadakı “Fukushima Daiichi Nuclear Power Plant” AES-də zəlzələ nəticəsində baş vermiş qəzanı xatırladıb.

O bildirib ki, Ermənistanda ABŞ texnologiyası ilə inşa olunacaq stansiya böyük ehtimalla kredit hesabına maliyyələşdiriləcək və bunun yükü gələcək nəsillərin üzərinə düşəcək:

“Ermənistanda AES üçün kiçik reaktorların tikintisi böyük ehtimalla kredit hesabına maliyyələşdiriləcək və bunun əvəzini ölkənin gələcək nəsilləri ödəməli olacaqlar. Daha çox söhbət ölkənin illik ÜDM-nin üçdə birindən çoxunu təşkil edən məbləğdə alqı-satqı müqaviləsindən gedəcək”.

Sergey Şoyqunun fikrincə, layihənin Ermənistan iqtisadiyyatına real investisiya gətirəcəyinə dair ciddi şübhələr var və bu, daha çox böyük maliyyə öhdəliyi yaradan kommersiya razılaşması kimi görünür.

Rusiya tərəfinin açıqlamaları göstərir ki, Ermənistanın enerji sektorunda ABŞ ilə yaxınlaşması yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və geosiyasi müstəvidə yeni müzakirələrə səbəb olacaq. Moskvanın Ermənistanın ABŞ ilə nüvə energetikası sahəsində əməkdaşlığına bu qədər emosional və “təhlükə” ritorikası ilə yanaşması diqqət çəkir. Xüsusilə maraqlıdır ki, Rusiya özü uzun illərdir dünyanın müxtəlif bölgələrində atom elektrik stansiyaları tikir və bu layihələr adətən rəsmi Moskva tərəfindən təhlükə yox, enerji əməkdaşlığı kimi təqdim olunur. Bu kontekstdə Rusiyanın hazırkı sərt reaksiyası daha çox regiondakı təsir imkanlarının zəifləməsi ilə bağlı narahatlıq kimi görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR