Bunun səbəbləri sırasında vergi yükü və inzibati əngəllər də var
Azərbaycanda fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 205 104-ə çatıb. "Yeni Müsavat" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 4,9 faiz artım deməkdir.
Qeydiyyatda olan kommersiya qurumlarının 136 808 aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya təşkilatlarının sayı 7,7 faiz artıb. Qalan 68 296 qurum - yəni ümumi sayın təxminən 33 faizinin fəaliyyəti olmayıb.
2026-cı ilin yanvar ayında 1 050 kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Onların 89,6 faizi yerli investisiyalarla, 10,4 faizi isə xarici investisiyalarla yaradılıb. Kommersiya təşkilatlarının 87 faizi elektron qaydada qeydiyyatdan keçib. 2026-cı ilin yanvar ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının payı 97,6 faiz olub.
2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və digər təşkilati-hüquqi formalar üzrə yaradılıb.
Mütəxəssislərə görə, 70 minə yaxın şirkətin passiv statusda olması iqtisadi sistemin struktur vəziyyəti barədə ciddi siqnal kimi qiymətləndirilə bilər. Şirkətlərin böyük əksəriyyətinin məhdud məsuliyyətli cəmiyyət formasında olması isə göstərir ki, biznes subyektlərinin əsas hissəsi kiçik və orta sahibkarlıq seqmentinə aiddir.
Bu il fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 faiz artaraq 861 488 təşkil edib. Bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 1 faiz artaraq 58 985 olub.
1 fevral tarixinə Azərbaycanda ümumilikdə 1 682 907 vergi ödəyicisi olub, onlardan 86,8 faizini fiziki şəxslər, 13,2 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. Bu isə o deməkdir ki, ümumi vergi ödəyicilərinin 48,8 faizi aktiv vergi ödəyicisi olmayıb.
Fəaliyyətini donduran sahibkarlıq subyektlərinin çox olmasının digər səbəbi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün real və əlverişli mühitin olmamasıdır. Əksər sahələrdə mövcud olan yüksək inhisarlaşma şəraitində yeni yaradılan sahibkarlıq subyektləri fəaliyyətlərini genişləndirə, inkişaf edə bilmir, tezliklə iflas edirlər. Ölkə qanunvericiliyində iflas prosesinə ciddi əngəllərin olması, məhkəmələrin iflas müraciətlərini illərlə uzadaraq rəsmiləşdirməkdən imtina etməsi tənəzzül edən sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini dondurmaqdan başqa yol qoymur.
Digər mühüm faktor ağır vergi yükü və inzibati əngəllərlə bağlıdır. Vergi öhdəlikləri, sosial ödənişlər, müntəzəm hesabatlılıq tələbləri, yoxlamalar və müxtəlif icazə prosedurları kiçik və orta biznes üçün ciddi maliyyə və inzibati yük yaradır. Xüsusilə dövriyyəsi aşağı olan müəssisələr üçün sabit xərclərin yüksək olması biznesin rentabelliyini azaldır. Nəticədə bəzi sahibkarlar fəaliyyəti tam dayandırır və ya şirkəti passiv vəziyyətə keçirirlər. Bütün bunların nəticəsində on minlərlə şirkət passif fəaliyyətli kateqoriyasına daxil olur.
Ötən il 704 ölkədə sahibkarlıq subyekti ləğv olunub, 14 642 yenisi yaradılıb. 2025-ci il ərzində ləğv edilmiş statistik vahidlərin 23,7 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 13,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 10,4 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, yeni yaradılmış statistik vahidlərin 34,6 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,0 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,1 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, qalanları isə digər bölmələrin payına düşür.
Sahibkarlıq subyektlərinin fəaliyyət yeri üzrə bölgüsü Azərbaycan iqtisadiyyatının regional disbalansının nə qədər kəskin olduğunu ortaya qoyur. Belə ki, rəsmi statistikaya əsasən 2025-ci ildə qeydiyyatda olan statistik vahidlərin 66,8 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 76,2 faizi Bakıda, 7,7 faizi Abşeron-Xızı, 2,0 faizi Naxçıvan Muxtar Respublikası, 1,8 faizi (hər biri üzrə) Qarabağ və Lənkəran-Astara, 1,7 faizi Gəncə-Daşkəsən, 1,6 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.
Ləğv olunan subyektlərin çoxu da Bakıdadır - 336 ədəd. Ondan sonra gələn Naxçıvan Muxtar Respublikası üzrə 144, Mərkəzi Aran iqtisadi rayonu üzrə 34, Lənkəran-Astara iqtisadi rayonu üzrə 32, Şirvan-Salyan iqtisadi rayonu üzrə 24, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 23, Qarabağ iqtisadi rayonu üzrə 20, Gəncə-Daşkəsən və Mil-Muğan iqtisadi rayonlarının hər biri üzrə 19, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 17, Abşeron-Xızı iqtisadi rayonu üzrə 15, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarının hər biri üzrə 9 və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 3 statistik vahid ləğv edilib.
Sahibkarlıq subyektlərinin fəaliyyətinin “donması” işsiz sayının artımı ilə müşayiət olunur. Belə ki, rəsmi statistikaya əsasən 2026-cı il 1 yanvarına Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olan işsizlərin sayı 245,6 min nəfər təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 20 min nəfər, yaxud 9 faizə yaxın artım deməkdir.
Çox maraqlıdır ki, rəsmi statistika ötən il ərzində ölkədə 2024-cü ildən 11,7 faiz çox - 102,5 min yeni iş yeri yaradılıb, 18,3 faiz az - 13 min iş yeri bağlanıb. 2024-cü ildə ölkədə 91,7 min yeni iş yeri yaradılıb, 15,9 min iş yeri bağlanmışdı. Buna baxmayaraq, işsiz kimi rəsmi qeydiyyata alınan şəxslərin sayında 20 min artım qeydə alınıb...
Dünya SAKİT,
“Yeni Müsavat”






