İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onun üçün nə ictimai rəy, nə də nüfuz önəmlidir" - Məzahir Pənahovun gəlini

2588 07.04.2026 11:35 Ölkə A A

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı H. Pənahovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.

Bu barədə Musavat.com-a  H. Pənahova danışıb.

Bildirib ki, məhkəmələrdə qalib gəlməsinə baxmayaraq, qanuni əşyaları ona geri verilməyib:

“Mən məhkəmələrdə qalib gəlmişəm. Buna baxmayaraq, Məzahir Pənahov mənim qanuni əşyalarımı qaytarmayıb və qaytarmaq niyyətində də deyil. 300 min məbləğində kompensasiyadan isə ümumiyyətlə söhbət getmir. Görünür, Məzahir Pənahov üçün nə ictimai rəy, nə də nüfuz önəmlidir, əsas odur ki, maliyyə öhdəliklərindən yayınsın.

Mən təminatlı və yüksək mədəni dəyərlərə malik, cəmiyyətdə ziyalı və nüfuzlu bir ailədənəm. Mən Prezident təqaüdçüsüyəm və həm respublika, həm də beynəlxalq səviyyədə çoxsaylı mükafatlara layiq görülmüşəm. Bu baxımdan, kənardan elə təəssürat yaranmamalıdır ki, guya mən hansısa zinət əşyaları və ya kompensasiya hesabına varlanmağa çalışıram. Söhbət yalnız mənə məxsus olanın geri qaytarılmasından və ədalətin bərpasından gedir.

Məhkəmə prosesi zamanı qarşı tərəf əvvəlcə nə qızıl-zinət əşyalarının, nə cehizin, nə də geyimlərin mövcud olduğunu iddia etmişdi. Daha sonra isə zinət əşyalarını bilərəkdən bijuteriya və ya sirkon kimi təqdim etməyə çalışmışdılar ki, onları qaytarmasınlar. Bu səbəbdən, hətta zinət əşyaları qaytarılsa belə, onların saxtalaşdırılmış və ya dəyişdirilmiş olması ehtimalını da nəzərə alıram.

Əgər qanun hamı üçün eyni şəkildə tətbiq olunsaydı, Məhəmməd Pənahov barəsində çoxdan cinayət işi başlanmalı və obyektiv araşdırma aparılmalı idi. Çünki o, baş verən hadisələrdə, o cümlədən övladımın ölümündə birbaşa məsuliyyət daşıyır. Mən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər etmişəm. İş bütün sübutlarla - foto, video, audio materiallar, təhqirlər, hədə-qorxular və digər faktlarla birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Lakin bu günə qədər heç bir real nəticə yoxdur.

Qeyd etmək istəyirəm ki, vaxtından əvvəl doğuş və uşağımın ölümü Bakı şəhərində baş verib. Daha sonra biz Amerikaya köçmüşük. Ailə həyatımın ilk günlərindən etibarən mən psixoloji təzyiqlərə, manipulyasiyalara, fiziki zorakılığa, hədə-qorxulara və şantaja məruz qalmışam. Mən, hər bir qadın kimi, sadəcə xoşbəxt ailə qurmaq və övlad sahibi olmaq istəmişəm. Lakin bu gün mənim övladım torpaq altındadır, bunun səbəbi isə keçmiş həyat yoldaşım və onu müdafiə edən şəxslərdir”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR